Azərbaycan milli komandasının və "Neftçi"nin sabiq qapıçısı Emil Balayev "Qarabağ"ın düşərgəsində yer alıb. Gənc qolkiper Sportnet.az-a açıqlamasında formasını itirməmək üçün Ağdam klubunun hazırlığına qatıldığı bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan çempionuna keçidinin gündəmdə olması ilə bağlı deyil: "Sadəcə, formamı saxlamaq üçün "Qarabağ"la birgə məşq edirəm. Sağ olsun baş məşqçi Qurban Qurbanov, buna imkan yaratdı. Hər halda, fərdi məşqlə klubun hazırlığı eyni deyil. Bunadək millimizin qapıçılarla işləyən məşqçisi Faiq Əzizlinin yanında çalışırdım. Sərbəst futbolçu olduğumdan, "transfer pəncərəsi"nin bağlanması mənim üçün problem deyil. Yəni, istənilən vaxt yeni kluba keçə bilərəm. Hələ ki real təklif yoxdur. Onu gözləyirəm".
Yenidən legioner həyatı yaşamağı arzulayan 22 yaşlı Balayev karyerasının daha çox bağlı olduğu "Neftçi"nin heyətində ölkə çempionu, kubokun qalibi olub. Onun son klubu 2014 - 2016-cı illərdə Almaniyada "Ayntraxt" olsa da, Frankfurt təmsilçisində rəsmi debütü başa tutmayıb. Emil Bundesliqa klubundan ayrılandan sonra xeyli müddətdir klubsuzdur.
Xatırladaq ki, "Qarabağ" "transfer pəncərəsi"nin bağlanması ərəfəsində "Partizan" klubundan serbiyalı qapıçı Boyan Şaronovun keçidini həll edib.