Portuqaliya milli komandası Avropa çempionu olduqdan sonra seçmə mərhələyə məğlubiyyətlə başlayan ilk yığma deyil. Sportnet.az-ın məlumatına görə, bu hal artıq 3-cü dəfə müşahidə olunub.
Sonuncu dəfə 2004-cü ildə qitə birinciliyinin qalibi olan Yunanıstan yığması belə aqibəti yaşayıb. Onda yunanlar 2006-cı il dünya çempionatının seçmə mərhələsinin ilk matçında gözlənilmədən Albaniyaya səfərdə uduzub - 1:2. Hər halda, albanlar indikindən fərqli o vaxt qrupda autsader sayılırdılar.
Maraqlıdır ki, Yunanıstan ilk və hələ yeganə Avropa çempionluğunu məhz Portuqaliyada qazanaraq finalda məhz meydan sahiblərinə qalib gəlib. Portuqaliyalılar isə bundan 12 il sonra 1:0 hesablı qələbə ilə Fransanı onun meydanında məğlub edərək ilk titulunu qazanıb. 2018-ci il dünya çempionatının seçmə mərhələsində İsveçrənin qonağı olan Avropa çempionu kapitanı Kriştianu Ronaldunun zədə üzündən yoxluğunda 0:2 hesabı ilə uduzub.









































































