Azərbaycan Premyer Liqasında qarşıdakı tur sabiq futbolçuların duelləri baxımından diqqət çəkəcək. Sportnet.az-ın məlumatına görə, əsas diqqət mərkəzində millimizin hücumçusu Ruslan Qurbanov olacaq.
"Transfer pəncərəsi"nin bağlanması ərəfəsində "Neftçi”dən "Qəbələ”yə keçən 25 yaşlı futbolçu debütünü uzun illər şərəfini qoruduğu komandaya qarşı etməli olacaq.
Düzdür, Qurbanovun oynayıb-oynamayacağına ukraynalı baş məşqçisi Roman Qriqorçuk qərar verəcək. Onu da nəzərə almaq lazımdır ki, Ruslan millimizin oyunu ilə əlaqədar "Qəbələ”nin fasilədə Odessada 1 həftəlik təlim-məşq toplanışında iştirak edə bilməyib.
Qurbanov ötən mövsüm "Qəbələ” ilə səfərdə keçirilən matçlarda fərqlənə bilib. Özü də həmin qarşılaşmalar bu ilə təsadüf edib. O, əvvəlcə Qəbələdə 2:2 hesabı ilə nəticlənən matçda, ardından isə ölkə yarımfinalında əsas vaxtı 1:1 yekunlaşan cavab oyununda qol vurub. Bu azmış kimi, "Qəbələ” onda penaltilər seriyasında uduzaraq finaldan kənarda qalıb və "Neftçi”yə qələbəni məhz Qurbanovun sonda həlledici zərbəsi qazandırıb.
"Neftçi"dən ayrılmalı olan Ruslan üçün qarşıdakı matç prinspial olacaq. O, sentyabrın 10-da matçın keçiriləcəyi "Əlincə Arena"da da "Neftçi"nin heyətində fərqlənməyi bacarıb.
Millimizin əsas qapıçısı Kamran Ağayev "Sumqayıt"da debütünü ötən mövsüm bitəndən sonra sıralarını tərk etdiyi "İnter"ə qarşı edəcək. Əks düşərgədə qapıçı isə onun həmsoyadı, millidə əvəzləyicisi, "İnter" - "Sumqayıt" - "İnter" marşrutunun sakini Səlahət Ağayevdir. Uzun müddət "Sumqayıt"da oynadıqdan sonra bu yay "İnter"ə keçən hücumçu Pərdis Fərzad-Azad, habelə müdafiəçi Slavik Alxasov da keçmiş komandalarına qarşı oynayacaqlar. Bundan əlavə, qardaşların dueli də olacaq. Söhbət gənc futbolçular - Mirsahiblə Mirabdulla Abbasovlardan gedir. Mirsahib "İnter"in, Mirabdulla "Sumqayıt"ın şərəfini qoruyur.
"Kəpəz” – "Zirə” matçında da sabiq futbolçu var. Bu, ötən mövsüm "Zirə”nin heyətində karyerasında ilk medalı – gümüş mükafatı qazanan Nicat Qurbanovdur. Gənc yarımmüdafiəçi əsas heyətdə daim yer almadığında Gəncə klubuna üz tutaraq istəyinə çatıb.