Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması (U-21) XXI əsrdə ən yaxşı göstəricisinə imza atıb. Sportnet.az-ın məlumatına görə, gənclər yığmamızın Farer adaları ilə evdə 1:1 hesablı heç-heçəsi nə qədər uğursuz nəticə olsa da, bu, son 15 ildə rekorda səbəb olub.
Məsələ ondadır ki, U-21 2001-ci ildən bu yana Avropa çempionatının seçmə mərhələsində ən çox – 8 xal toplayıb. Son 2 tsikldə bu, 7 xal olub ki, indi bunu yaxşılaşdıra bildik.
Düzdür, onu da nəzərə alaq ki, həmin vaxt qrupda indiki kimi 6 yox, 5 komanda olduğundan, yığmamız 2 oyun az – 8 matç keçirib. U-21-nin hücumçusu Mahir Mədətov 88-ci dəqiqədə vurduğu qolla həm bizi məğlubiyyətdən xilas edib, həm də son illərdəki nəticəmizi yaxşılaşdırıb.
Əsas yığmamız kimi 1994-cü ildən Avropa çempionatının seçmə mərhələsində çıxış edən 21 yaşlılarımızın rekord xalı isə 9 olub. Bu, 2002-ci il Avropa çempionatının seçmə mərhələsində baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında qazanılıb. Həmin vaxt da 6 komandalı qrupda çıxış edən Azərbaycan 2 qələbə qazanıb, 3 heç-heçə edib, 5 dəfə uduzub.
Göründüyü kimi, millimiz növbəti ayda qrupda mübarizəni bitirdiyi Finlandiya ilə səfər matçında uduzmazsa, həmin 1 xal tarixi rekordumuzu təkrarlamağa imkan verəcək. Qələbə isə yeni rekorda imza atmağımız demək olacaq.
Xatırladaq ki, Yaşar Vahabzadənin komandası 8 xalı Farer adaları və Rusiya yığmalarına uduzmadığı, hərəsindən 4 xal aldığı matçlarda qazanıb.