"Nəticənin belə olacağını gözləmirdik. Əsas məsələ 3 xal idi, onu da əldə etdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov "Neftçi"ni 8:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra deyib.
O bildirib ki, iki komandadan birinin uduzmalı olduğu oyunda "qırmızı-qaralar" güclü olduğu üçün qalib gəlib: "Hesabın elə də önəmi yoxdur. "Neftçi"yə uğurlar arzulayırıq. Yəqin ki, bu vəziyyətdən çıxarlar".
Nəcəfovun fikrincə, bu nəticə Avropa Liqasının qrup mərhələsində keçirəcəkləri ilk tur matçı öncəsi Belçika "Anderlext"inə gözdağı vermək anlamına gəlməməlidir: "Xeyr, bu fikirlə razı deyiləm. Məqsədimiz 3 xal idi. Hesabdan asılı olmayaraq, komandamızın öz oyun prinsiplərinə, taktikasına sadiq qalması məni sevindirir. "Neftçi"yə və "Anderlext"ə qarşı oyunlar bir-birindən fərqlidir. Buna görə də Belçika təmsilçisi ilə görüşə "Qəbələ" başqa cür motivasiya olacaq".
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Kubokunda ardıcıl 2 mövsüm "Qəbələ"ni üstələyərək, finala yüksəldiklərini xatırladıb. Nəcəfovun isə buna reaksiyası belə olub: "Çingiz müəllimin fikirlərinə hörmətlə yanaşıram. Statistikanı xatırladıb, faktı deyir. Bunu olmuş bir şey kimi normal qarşılayırıq".
"Qəbələ" rəsmisinin sözlərinə görə, rəqabət nə qədər böyük olsa, çempionat da o qədər güclü olar, gənc futbolçular daha effektli yetişər, sürətlə inkişaf edərlər: "Amma bu gün reallıq budur və belə də qəbul etmək lazımdır".