"Zirə" klubunun serbiyalı legioneri Milan Duriçin "Kəpəz"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra Sportnet.az-a müsahibəsi
- Oyunla bağlı fikirləriniz necədir?
- "Kəpəz”in yaxşı azarkeşləri var. Belə mühitdə oynamaq gözəl olduğu qədər də çətindir. Ona görə də meydana çıxdığımız andan rəqibin basqılarının qarşısını almaq və əlimizə düşən fürsətlərdən yararlanaraq qələbə qazanmaq istəyirdik.
- Bəs niyə rəqibin qarşısını ala bilmədiniz?
- Burada meydança amili də rol oynadı. Stadionun öt örtüyü ideal vəziyyətdə deyildi. Bacardığımız qədər yaxşı oynamağa çalışdıq. Düzü, biz buna hazır deyildik. Düşünürdük ki, ilk qolu "Kəpəz” vursa da, oyunun axarını dəyişə bilərik.
- Rəqib hesabı açdı, amma siz qoldan sonra da oynamadınız. Əksinə, "Kəpəz” sizi ikinci dəfə cəzalandırdı...
- Bəzən elə olur ki, meydanda 1-2 futbolçunun oyunu alınmır. Amma ”Kəpəz”lə qarşılaşmada komanda şəklində oyunumuz alınmadı. "Zirə”yə yaraşmayan bir matç oldu. Belə oynadığımız üçün də məğlub olduq.
- "Zirə”nin yeni transferlərindənsiniz və ilk dəfədir ölkəmizdə oynayırsınız. Futbolumuz haqda nə düşünürsünüz?
- Azərbaycanda futbol yaxşı inkişaf edib. Çempionatda güclü komandalar var.
- Çempionatımız hansı səviyyədədir?
- Azərbaycan çempionatında oynayan bütün komandalar hər oyunda yaxşı mübarizə aparır və öz iddiasını ortaya qoyur. Düzü, həmin sözləri bu oyun haqda deyə bilmərəm. Rəqib futbolçular hesabı qorumaq üçün gah topu çölə vurur, gah da ayaqlarını tutub meydanda uzanırdılar. Bu, Azərbaycan futbolu üçün yaxşı hal deyil. Ona görə də "Kəpəz”lə matç haqda ürəkaçan sözlər deyə bilməyəcəm.
- Rəqib bu addımı ilə qələbəni əldən vermək istəmirdi. Siz bu şəraiti yaratmaya bilərdiniz...
- Düzdür, futbolda bu, normal haldır. Amma bu gün belə vəziyyətlər həddindən artıq çox oldu.
Ergün SEYİD