"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çexiya "Slovan"ı ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb...
- İlk oyun ağır olur. Hər bir komanda yaxşı start götürmək istəyir. Futbolçulardan razı qaldım. Çox yaxşı başlanğıc oldu. Bu cür turnirlərdə son saniyələrə kimi oynamaq çox vacibdir. Ola bilər ki, son tura kimi növbəti mərhələyə yüksələn 2 komanda müəyyənləşməsin. Bu, bizim üçün böyük təcrübə oldu. Bir neçə qol imkanı yaratdıq. Hesabda önə keçməli olduğumuz halda, ikinci qolu buraxdıq. Bu, futbolçularımıza pis təsir etdi. Amma sonluq yaxşı oldu. Avroliqada hər xal çox önəmlidir. Azarkeşlərə də minnətdaram, sona qədər bizimlə oldular. Bu cür turnirdə zəif oyun, asan komanda yoxdur. Futbolçular belə görüşlərdə daha da bərkiyirlər, Qarşıdakı oyunlara hazırlaşacağıq. Çəkinmirik, qorxmuruq.
- Sizə elə gəlmədi ki, hakimin qonaqlara daha çox simpatiyası var idi və bu gün Kintananın günü deyildi?
- Hakimin qüsurları çox idi. Oyunun gedişatında bu, görünürdü. Rəqibimiz ilk növbədə, bizə oynamağa imkan verməməyə çalışırdı. Belə rəqibə qarşı oynamaq çətindir. Daniyə gəlincə, ola bilər ki, bəzi epizodlarda alınmırdı. Orta xəttə keçəndən sonra oyunu öz üzərinə götürdü. Sadəcə, ilk hissədə son ötürmələri dəqiq olmurdu. Bu da normal haldır. Açığı, ondan razı qaldım. Nəzərə almaq lazımdır ki, ilk oyun idi. Gələn oyunlarda daha yaxşı çıxış edəcək.
- Rəşad Sadıqov hücuma qoşulanda hər dəfə təhlükəli an yaşanır. Olmaz ki, onu hücuma daha çox qoşasınız?
- Lazım olan anda hücuma atılır. Rəşadın təcrübəsi buna imkan verir ki, nə vaxt hücuma keçmək lazım olduğunu bilsin. Amma Rəşad ilk növbədə, müdafiəçidir, müdafiəni düşünməlidir. Futbolda belə anlar olur ki, müdafiəçilər də qol vururlar. Amma Rəşadı tez-tez irəli xəttə göndərə bilmərəm (gülür).
- Reynaldonun aktivində bu mövsüm Avroliqada cəmi 1 qol var. Razısınız ki, son 1 ildə əvvəlki Reynaldonu görə bilmirik?
- Biz də ondan daha yaxşı oyun gözləyirik. Reynaldo 6 aylıq zədədən sonra formasını bərpa etdi. Getdikcə pis təsir bağışlamır. Nə qədər çətin olsa da, əlimizdə olan futbolçunu yaxşı formada saxlamağa çalışırıq. O, bacardığını edir. Belə matçlarda müdafiəçilər hücumçulara qarşı daha diqqətli olurlar. Buna baxmayaraq, bir neçə qol epizodu yaratdı, sadəcə, vura bilmədi.
- Azarkeşlər "Dalğa Arena”da boş yerlər qoymuşdular. Bir də futbolçularınız son oyunlarda tez-tez oyundankənar vəziyyətə düşürlər...
- Biz oyunu gec saata salmaq istəyirdik. Bəlkə də, boş yerlər matçın tez başlaması ilə əlaqədar idi. Amma azarkeşlərdən razı qaldım. Digər məsələyə gəlincə, hücumda daha çox oynamaq istəyiriksə, "ofsayd" epizodlarımız çox olacaq. Rəqib də bunun üzərində çox işləyir. Hücumçularımız irəli atılmağa istəklidirlər.
- Bu "Qarabağ” cari mövsüm üçün planlaşdırdığınız komandanın zirvəsi idi?
- Bəzən biz ancaq özümüzü düşünürük, rəqibi nəzərə almırıq. Bu gün Avropada elə bir komanda yoxdur ki, günbəgün inkişaf etməsin. Onlar da öz oyunlarını daha da yaxşılaşdırmağın yollarını düşünürlər. Ən böyük klubların oyunundan da bəzən narazı qalırlar. Azərbaycan futbolunun problemləri, qüsurları var. Bu cür matçların ilboyu keçirilməməsi bizə mane olur. Buna baxmayaraq, Avrokubokda məğlub olduğumuz görüşlərdə də sona qədər mübarizə aparırıq. Bizim hələ pik vaxtımız deyil. Bacarığımıza görə, daha da artıra bilərik. Hər futbolçu 10 faiz də artırsa, daha yaxşı komanda görəcəksiniz. Qol epizodlarına baxsanız, bu gün biz qalib gəlməli idik.
- Bədavi Hüseynovun vəziyyəti nə yerdədir? Onu əvəzləyən Elvin Yunuszadə göstərdi ki, hər an kobud səhv buraxa bilər...
- Son 3-4 oyunda çıxış edən Elvin pis təsir bağışlamır. Görünür, sizdə ona qarşı inamsızlıq var. Səhvi hamı edir. Qaldı ki digər variantı həyata keçirməyə, bu, rəqibdən və oyunun gedişatından asılıdır. Maksim Medvedevi mərkəzə çəksək, onun yerinə başqa futbolçu qoymalıyıq. Belə oyunlarda bu, komandaya təsir edə bilər. Avrokubokda Elvinin boyundan da istifadə etmək lazımdır. Belə pis təsir bağışlamır, ansamblı pozmadı.
- Yeni qapıçı Boyan Şaranovla bağlı fikriniz necədir: Onun serb, komandadakı həmkarı Şehiçin isə bosniyalı olması komandadaxili ab-havaya mənfi təsir etmir?
- Xeyr. Bu, futboldur. Belə şeylərə önəm verməmək lazımdır. Əvvəl bizim serb qapıçımız var idi: Boyan Pavloviç. O, ən çox Ansi Aqolli ilə mehriban idi, bir otaqda qalırdılar. Belə şeylər bizə aid olmayan məsələlərdir.