Azərbaycan Premyer Liqasının V turu qonaqlar üçün çox uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, səfərdə çıxış edən komandaların heç biri qalib gələ bilməyib.
Bu azmış kimi, rəqib meydanında oynayanlar 4 matçda cəmi 1 xal toplayıblar. Buna da "Kəpəz” daha çox "Sumqayıt”ın təcrübəli qapıçısı, kapitanı Fərhad Vəliyevin kobud səhvi sayəsində nail olub. 36 yaşlı qapıçı "Kəpəz”in baş məşqçisi Şahin Diniyevin oğlu Kərimin uzaq məsafədən vurduğu zərbə qarşısında aciz qalıb.
Turda bir sıra diqqətiçəkən məqamları qeyd etmək olar. Əvvəla, "Neftçi” yeni baş məşqçisi Elxan Abdullayevin rəhbərliyi altında debütündə də məğlubiyyətdən qaça bilməyib. Bununla da "ağ-qaralar”ın milli çempiontlarımız tarixində antirekordu qeydə alınıb. "Neftçi” heç vaxt çempionatda ardcıl 4 matç uduzmamışdı. İlk turda qol vurmağı bacaran komanda bu dəfə həsrətə yalnız penaltidən son qoya bilib. "İnter"in gürcü sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin keçmiş köməkçilərinin duelində həmyerlisi Zaur Svanadze qalib olub. Abdullayev Svanadze ölkəmizə gələnədək "İnter"də məşqçi işləyib.
"Qəbələ”nin 4 aylıq fasilədən sonra doğma məkanda ilk oyununu keçirməsi və bunu böyükhesablı qələbə ilə qeyd etməsi də hesabat turuna təsadüf edib. Meydançada aparılan yenidənqurma işləri üzündən rəqiblərini "Azərsun Arena”da yox, "Əlincə Arena”da qəbul etməli olan "Qarabağ” ardıcıl 3-cü matçdır orada qələbələri sıralayır. Özü də Qurban Qurbanovun komandası Masazırdakı həmin stadionda 3 oyuna 11 cavabsız qol vurub.
Nəhayət, bu çempionatda 50-ci qol da məhz bu turda qeydə alınıb. Buna imza atan "Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev dubl etdiyindən, həm 50, həm də 51-ci qolun müəllfi olub. Özü də Əmirquliyev Ağdam klubunda qol hesabını Premyer Liqada 50-ci qolun müəllifi kimi açıb.
Ümumiyyətlə, V turda 10 qol vurulub ki, bu da turlar üzrə 3-cü göstəricidir. Ən məhsuldar tur isə IV tura təsadüf edib. Həmin turda "Qarabağ”la "Qəbələ” üst-üstə 14, ümumilikdə 19 qola imza atılıb. İkinci ən məhsuldar tur bundan öncə olub. III turda qapıçılar 10 dəfə topu tordan çıxartmalı olublar. Ən az qol II turda olub – cəmi 3. Bu da 1 oyuna heç 1 qol düşməməyi deməkdir. Açılış turunda vurulan qolların sayı isə 8 olub.