"İnter"in və Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun Sportnet.az-a müsahibəsi
- AZAL üzərində çətin qələbə oldu...
- Bir az belə idi. Meydança çox bərbad vəziyyətdə idi. Belə qazonda futbolçu oyundan daha çox zədədən özünü sığortalayır. Amma bu, futboldur. Belə vəziyyətdə maksimum çalışmaq lazımdır ki, həm özümüzü zədədən qoruyaq, həm də nəticə qazanaq. Şükürlər olsun ki, qalib gəldik. Ancaq çətin oyun oldu. Bilirdik ki, AZAL öz meydanında yaxşı oynayır. Düzdür, son matçlarda uğursuz oynasa da, məncə, yaxşı komandadır. Heç kim AZAL-ı rahat məğlub edə bilməyəcək. Bu oyunu unudub qarşıda daha bir çətin matçımıza - "Zirə" ilə qarşılaşmaya köklənməliyik. Komandamız millinin rəsmi oyunlarınadək çempionatımızda olan fasiləyədək maksimum nəticə əldə etməlidir.
- "Qarabağ" üzərində qələbədə böyük rol oynadın. Belə demək olar ki, özünəinamım bərpa olunub?
- Bir aydır oynamırdım, zədədən sonra bir az problemlər vardı. Artıq heç bir problemi yoxdur. Məncə, "Zirə" ilə oyunda özümü daha yaxşı hiss edəcəyəm. Futbolçu üçün ən önəmli olan baş məşqçinin ona olan inamını hiss etməsidir. Bunun nəticəsində inamlı çıxış etsin. Bu baxımdan heç bir problemimiz yoxdur. Həm kollektivimiz, həm baş məşqçimiz, həm də prezidentimiz çox yaxşıdır.
- "İnter" ən azı 1 günlük lider oldu. Turnri cədvəlində 3-cü və 4-cü pillə arasında kifayət qədər xal fərqi olduğununu nəzərə alsaq, ilk üçlüyün məlum olduğunu demək olarmı?
- Biz iddialıyıq, çempionluq üçün maksimum dərəcədə oynayacağıq. Onu da unutmayaraq ki, rəqiblərimiz "Qarabağ", "Qəbələ"dir. "Neftçi"ni də bura aid etmək olar. Düzdür, bu komanda son vaxtlar uğurlu çıxış etməsə də, klubda böyük dəyişiklər oldu. Mən də istəyərdim ki, komandaların çoxu iddialı olsun. Çempionluğa 3 yox, daha çox komanda oynasın. Qarşıda oyunlar hələ çoxdur. Əsas odur ki, biz öz oyunumuzu sonadə oynayacağıq.
- "İnter"in maliyyə problemlərindən sonra uğurlu çıxışının, iddialılar sırasında olmasının əsas sirri nədədir?
- Göy dəyməsin, yaxşı kollektivimiz, yaxşı baş məşqçimiz var. Məncə, yaxşı kollektiv olan yerdə hər şeyə nail olmaq olar. Futbolda ən önəmli məsələ komanda şəklində güclü olmaqdır.
- Sizdən fərqli "Qarabağ"la "Qəbələ" Avropa Liqasınıbda qrupunda oynadığından, çempionatdan daha çox bu turniri düşünürlər. Belə demək olarmı ki, "İnter" qışadək bundan maksimum yararlanın daha çox xal toplamağa çalışacaq?
- Düzdür, bu, bizim üçün hardasa üstünlükdür. Ancaq bunun bizə böyük fəriq yoxdur. Biz öz oyunlarımıza baxacağıq. Bütün matçlardan maksimum xal toplamalıyıq ki, çempionluq da olmasa, ən azı Avropa Liqasına yollanaq.
- Millinin qarıdakı rəsmi oyunlarından - Norveçlə ev, Çexiya ilə səfər matçından nə gözləmək olar? Qələbə qazana bilərik, yoxsa komanda heç-heçəyə oynayacaq?
- Sözsüz ki, evdə qələbəyə oynayacağıq. Ancaq Çexiyadan 1 xalla qayıtmaq da yaxşı nəticə sayılacaq.
- Ancaq klub səviyyəsində görürük ki, çexlərlə oyunumuz alınmır...
- Düzdür, Çexiya futbolu Almaniya futboluna yaxındır. Bizi çətin bir oyun gözləyir. Ancaq futbolda hər şey tez dəyişir. Biz də çalışmalıyıq kİ, səfərdən ən azı 1 xalla qayıdaq.
- San Marino ilə oyundan millimizə tənqidlər kifayət qədər idi. Yəni asan rəqib üzərində çətin qələbə oldu. Səncə, yığmamız Norveçlə oyunda ümidləri doğrulda biləcəkmi?
- Əsas qələbə qazanmaq idi ki, buna da nail olduq. Birinci oyun idi, həmişə başlanğıcda bir az çətin olur. İnanaq ki, milli qarşıdakı matçlarda daha yaxşı oynayacaq. Bununla da bütün hamını qələbələrlə sevindirəcəyik.
- Komanda yoldaşın Rauf Əliyevin milliyə çağırılmamasına münasibətin necədir? Səncə, o, indi yığmaya hazırdırmı?
- Rauf axırıncı toplanışa çağırılmamayandan sonar üzərində daha çox, istəkli çalışır. Biz də bunu məqşlərdə görürük. Bu, bizi sevindirir. Mən də inanıram ki, Rauf qarşıdakı toplanışlarda artıq milliyə dəvət alacaq və əvvəllər olduğu kimi, lazımı köməyi göstərəcək.
- Klubda bir mövqedə oynayırsan, millidə başqa. Bu, sənə çətinlik yaratmır? Ümumiyyətlə, millidə özünü hansı mövqedə görürsən?
- Mən artıq özümü daha çox dayaq yarımmüdafiəçisi kimi hazırlayıram. Çünki özüm də daha çox bu mövqedə oynamaq istəyirəm.
- Ancaq onu da nəzərə almalısan ki. həmin mövqedə seçim geniş, rəqabət böyük olsa da, müdafiədə problemlər olar. Məsələn, mərkəz müdafiəçisi Bədavi Hüseynov zədəlidir. Belə olan halda, Rəşad Sadıqovun yanında oynamağa müdafiəçi tapılmır...
- Məncə, millinin baş məşqçisi məni daha çox dayaq yarımnmüdafiəçisi kimi görür. Mənim üçün rəqabət problem deyil. Başa düşürəm ki. Rəşadla Bədavi klubda, milidə birgə yaxşı çıxış edirlər, bu da normaldır. Hər şeyin öz vaxtı var. Əsas odur ki, mən özüm çalışmalıyam, öz oyununla, əziyyətimlə yeri qazanmalıyam.