"Qarabağ"ın futbolçusu Coşqun Diniyev Azərbaycan Premyer Liqasının VI turunda "Kəpəz"lə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra müsahibə verib. Gənc yarımmüdafiəçi Sportnet.az-ın oyuna ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.
- Komandanız üçün çətin oyun oldu və xal itirdiniz...
- "Kəpəz" ən çətin rəqiblərdən biridir. Demək olar ki Gəncə səfəri ən çətin oyunlarımızdan biridir. Həm meydançanın vəziyyəti, həm də azarkeşlərin dəstəyi ilə "Kəpəz" daha başqa oynayır. "Qarabağ"a qarşı daha inamlı təsir bağışlayır. Buna görə çətin olacağını gözləyirdik. Bizə çox çətinlik yaratdılar. Ancaq sonadək mübarizə aparmağı bacardıq. Qələbə qazanmaq istəyirdik və bunun üçün sonadək çalışdıq. Ancaq bəlkə bəxtimizin gətirməməyi qol epizodlarda öz sözünü dedi.
- Hesabı ədalətli saymaq olarmı?
- Olar. Hər iki komandanın qol şansları oldu və istifadə edə bilərdilər. Meydançanın vəziyyəti kənardan göründüyə qədər deyil. Futbolçular üçün tamamilə ayrı bir vəziyyətdə idi. Qoldan sonra daha da təsəldik. Bu, hər bir komandanın başına gələcək bir şeydir.
- Məlumdur ki, "Kəpəz"in heyətindı baş məşqçi kimimi atan, futbolçu kimi qardaşın yer alıb. Şəxsən sən bu planda matçdan hansı təəssüratla ayrıldın? O da məlumdur ki, ötən mövsüm Gəncədə penaltidən qol vurmuşdun...
- Bu sualı keçən il mənə ünvanlasaydınız, deyərdim ki, mənim üçün daha emosional idi. Ancaq indi zaman keçib və atama, qardaşıma qarşı oynamaq mənim üçün xüsusi bir qarşılaşma deyildi. Bunadək ötən mövsüm 4 dəfə üzləşmişik. Bu dəfə sıradan oyunlardan biri kimidir.
- Matçdan sonra onlarla oyun, nəticə ilə bağlı ayaqüstü söhbətiniz oldumu?
- Yox. Oyundan sonra onların heç birini görmədim.
- Gəncədə xal itirdiniz. Növbəti rəqib də lider "Qəbələ"dir və bu dəfə onun qonağı olacaqsınız. Onu çempionatda ən çətin rəqiblərdən saymaq olar...
- Hər bir turda xal ehtimalı var. Bu gün Azərbaycan çempionatında hər bir rəqib - fəqqi yoxdur "Qəbələ" və ya digəri olsun - meydana qəlbəə qazanmaq üçün çıxır. Qəbələdə tamam başqa bir futbol, tamam başqa bir mühit olacaq. Ona görə də həmin gün oyun hansı komanda qələbəyə layiqdirsə, o da bunu qazanacaq.
Mehman Süleymanov, Gəncə