"Neftçi” cari çempionatda ilk dəfə evdə qol vurub. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar” buna VI turda "Sumqayıt”la "Əlincə Arena”dakı matçın 6-cı dəqiqəsində vitse-kapitanı Cavid İmamverdiyevlə nail olublar.
Komandanın bunadək vurduğu 3 qol səfər matçlarına təsadüf etmişdi. Belə ki, Elvin Bədəlovla Rəhman Hacıyev AZAL-a 2:0 qalib gəldikləri, kapitan Araz Abdullayev "İnter”ə 1:2 hesabı ilə məğlub olduqları matçda fərqlənmişdi. "Neftçi” evdə "Zirə” (0:1) və "Qəbələ”nin (0:8) qapısına yol tapa bilməmişdi.
"Ağ-qaralar”ın Premyer Liqada öz meydanında axırıncı qolunun müəllifi ötən mövsüm Aylton Silva olub. Yayda komandadan gedən braziliyalı sol cinah müdafiəçisi mayın 15-də "İnter”ə 4:2 hesabı ilə qalib gəldikləri matçın 84-cü dəqiqəsində fərqlənmişdi. "Neftçi” bundan 135 gün sonra evdə qol sevinci yaşayıb. Ancaq "Sumqayıt” bundan sonra vurduğu 2 qolla əzmkar qələbə qazandığından, meydan sahiblərinin həsrətə son qoyması daha çox təsəlli xarakter daşıyıb.
"Neftçi” kimi İmamverdiyev də siftə edib. Məsələ ondadır ki, yarımmüdafiəçi bu ilk qolulu vurub. Cavid sonuncu dəfə ötən il son matçında - "Kəpəz”lə Gəncədə 1:1 hesabı ilə nəticələnən qarşılaşmada fərlqənmişdi. Bu, İmamvediyevin 2008/09 mövsümündən çıxış etdiyi milli çempionatımızda 154-cü oyunda 12-ci qoludur. O, qolların hamısına 7-ci mövsümün şərəfini qoruduğu, ümumilikdə 19 oyun keçirdiyi "Neftçi”də imza atıb. İmamverdiyevə 2009/10 mövsümdə 25 oyun keçirdiyi Yevlaxın "Karvan” klubunda fərqlənmək nəsib olmayıb.