
Estoniyalı futbolçu Sergey Zenyov "Qəbələ” klubunun tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı hücumçu "qırmızı-qaralar”ın 2014-cü ildən fasiləsiz çıxış etdiyi avrokuboklarda yeni bombardiri olub.
Hesabına 6-cı qolu yazan Zenyov bunadək lider olan liberiyalı komanda yoldaşı Teo Uiksi qabaqlayıb.
Sergey şəxsi nailiyyətini Avropa Liqasının qrup mərhələsinin II turunda Almaniyanın "Maynts” klubu ilə 2:3 hesabıə ilə uduzduqları matçda gözəl qolla gerçəkləşdirib.
Estoniya millisinin üzvü ötən mövsüm debüt etdiyi "Qəbələ”də qol hesabını Avropa Liqasının II təsnifat mərhələsində "Serbiyanın "Çukariçki” klubu ilə evdəki cavab oyununda etdiyi dublla açıb. O, digər 4 qolunu isə bu il vurub. Bu, Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia” klubuna 5:1, II təsnifat mərhələsində Macarıstan MTK-sına 2:0, pley-offda Sloveniya "Maribor”una 3:1 hesabı ilə qalib gəldiyimiz oyunlarda olub. Bu qarşılaşmalardan yalnız sonuncusu "Dalğa Arena”da, qalanları isə "Bakcell Arena”da keçirildiyini nəzərə alsaq, Zenyov bir qayda olaraq Bakıda və daha çox 8-ci kilometr qəsəbə stadionunda fərqlənib.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb