"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasında bu gün "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları səfər matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk olaraq matçı dəyərləndiirb.
- Oyun ağır keçdi. İlk hissədə çoxlu qol vəziyyətlərini boşa verdik.
Bizim günümüz deyildi. "Neftçi” 3 xala layiq idi. Mənə elə gəlir ki, futbolçularım "Neftçi”ni qiymətləndirə bilmədilər. Uşaq səhvlərindən qollar buraxdıq.
- Qapıçı Tadas Simaitis bu gün kobud səhvlər etdi...
- Düzdür, səhvləri oldu. Amma bir oyuna görə futbolçunu hesabdan silmək olmaz.
- Komandanın daxilində hər hansı problem varmı?
- Yox. Sadəcə, motivasiya cəhətdən problemlərimiz var. Daha çox işləmək lazımdır. Bu məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm.
- "Neftçi”ni qiymətləndirməməkdə "Qarabağ”la heç-heçənin təsiri varmı?
- Var. Məşqçi üçün ən çətini uğurdan sonra komandanı bir araya gətirməkdir. Burda mənim də günahım var. Nə qədər çalışsam da, uşaqları o heç-heçənin fikrindən çıxara bilmədim. Fərdi söhbətlər aparsam da, xeyri olmadı.
- Bu nəticədən sonra komandanı necə toplayacaqsız?
- Məğlubiyyətdən sonra komanda özü-özünə toplanır. Bundan sonra futbolçulara nəsə deməyimə ehtiyac yoxdur.