Sabah Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk ev oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, Robert Prosineçkinin yetirmələri Norveç millisini qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Millimiz bu arenanın futbolda rəsmi açılışını ötən seçmə mərhələdə məhz oktyabr ayında edib. Bu, İtaliya yığması ilə 1:3 hesabi ilə uduzduğumuz oyundur. Həmin matç kapitan Rəşad Sadıqovun 100-cü oyunu kimi tarixə düşüb ki, bu, onun UEFA və AFFA tərəfindən mükafatlandırılması ilə nəticələnib. Yeri gəlmişkən, Sadıqov milliyə bu dəfə zədəli gəlsə də, müalicəsini bitirərək sabah meydana çıxacağı gözlənilir. Robert Prosineçkinin komandası ondan sonra Bakı Olimpiya Stadionunda matç keçirərək 2:1 hesabı ilə qalib gəlsə də, bu, Moldova yığması ilə yoldaşlıq görüşü olub.
Millimiz üçün qarşıdakı matç böyük önəm daşıyır. Təkcə ona görə yox ki, cari seçmə mərhələdə ilk ev oyununda dogma azarkeşləri qələbə ilə sevindirmək lazımdır. Yığmamız qalib gələrsə, 2-ci turdan sonra qrupumuxda vahid lider ola bilər. Çünki hazırda Azərbaycan kimi 3 xal olan, topların daha yaxşı fərqinə görə 1-ci pillədə qərarlaşan Almaniya Çexiya ilə matçda xal itirə bilər. Bu, olmasa belə, yığmamızın bir neçə saatlıq vahid lider olması mümkündür. Çünki Almaniya – Çexiya qarşılaşması Bakıdakı oyundan 1 saat sonra başlayacaq.
Robert Prosineçikinin komandası üçün ilk çətin sınaq başlayır. Çünki ötən aydan fərqli bu dəfə ardıcıl matçlar olacaq. Hər bir yığma 3 gündən sonra növbəti matçına çıxacaq. Azərbaycanın daha sonrakı sınağı isə daha çətin – Çexiya ilə səfər matçıdır.
Millimizin bu ilə noyabrda 1 matçla yekun vursa da, bu da səfər qarşılaşması olacaq. Onda Azərbaycanı Şimali İrlandiya qonaq edəcək. Deməli, millimizin bu il üçün evdə ilk və son rəsmi matçında qələbənin dəyəri böyükdür.
Xatırladaq ki, yığmamız cari seçmə mərhələyə San Marinoya səfərdə 1:0 hesablı qalib gəlməklə, Norveç isə evdə Almaniyaya 0:3 hesablı məğlubiyyətlə başlayıb.