Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedicilərinin çempionatında ikinci dövrəyə start verilib. Sportnet.az-ın məlumatına görə, VIII turun ilk qarşılaşması "İnter Arena”da keçirilib.
Ötən mövsümün çempionu "Qəbələ” "İnter”in qonağı olub. İlk dövrədə rəqibinə 0:1 hesabı ilə uduzan "qırmızı-qaralar” səfər matçına revanş iddiası ilə çıxıb. Bunun nəticəsidir ki, matça fəal başlayan Hüseynqulu Quliyevin yetirmələri 17-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərinin qapısına Tellur Mütəllimov yol tapıb. Bununla əsas komandada da fərqlənən yarımmüdafiəçi əvəzedicilərin heyətində mövsümdə ilk qolu olub.
Bu, qələbə üçün kifayət edib. Bakıda 1:0 hesabı ilə qalib gələn "Qəbələ” mövsümdə ilk səfər qələbəsini qazanıb.
Beləliklə, əvəzedicilər mövsümdə 3-cü dəfə qalib gələrək, xal hesabını 11-ə çatdırıb və turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.