Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən "Qəbələ” yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun yetirmələri əvəzedici komandası ilə qarşılaşıb.
Hər iki komanda Qəbələ şəhər stadionundakı görüşü yığmaların heyətinə cəlb olunan futbolçular olmadan keçirib. Əsas komanda oyuna aşağıdakl heyətlə başlayıb:
Dmitri Bezotosnı, Rikardinyo, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, Elvin Camalov, Rəşad Sadiqov, Cavid Hüseynov, Rəşad Eyyubov, Filip Ozobiç, Baqali Dabo.
Qriqorçuk matçın gedişində David Pietrzkieviç, Sadiq Quliyev, Rafael Santos, Teo Uiks, Rövlan Muradov, Fərid Nəbiyev, Asif Məmmədov, Tellur Mütəllimov, Murad Musayev və Petar Franyiçə də şans verib.
Məhsuldar keçən qarşılaşmanın ilk yarısında 6 qol vurulub. Əsas komandanın 5:1 hesabı ilə üstün olduğu hissədə zədədən qayıdan Baqali Dabo 4, Filip Ozobiç 1 dəfə fərqlənib. Əvəzedicilərin ilk yarıdakı qoluna Qədir Bayramlı imza atıb. İkinci hissədə qapılara daha 4 top vurulub. Fasilədən sonra Teo Uiksin 2, Tellur Mütəllimovun 1 qoluna əvəzedicilər Ramil Həsənovla cavab verib – 8:2.
Bu oyundan sonra bir günlük istirahətə buraxılan "qırmızı-qaralar” hazırlıqlarını noyabrın 15-də bərpa edəcək.
Xatırladaq ki, "Qəbələ” növbəti matçını noyabrın 19-da keçirəcək. "Qırmızı-qaralar” çempionatın XII turunda "Zirə”ni qəbul edəcək. Bir gün öncə isə klubların əvəzedici heyətləri qarşılaşacaq.