Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin qonağı olub.
Sportnet.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis fiziki imkanları məhdud olan insanlar tərəfindən böyük maraqla qarşılanıb.
Baş məşqçi onların gündəlik həyat tərzi və fəaliyyətləri ilə yaxından tanış olub.
Daha sonra Qurbanova fiziki qüsurlu şəxslərin məşğul olduğu boççia idman növü haqqında məlumat verilib. Boççia qədim tarixə malik olan, rəngli toplarla oynanılan idman növüdür. O, sağlamlıq mərkəzində müalicə olan insanların ən sevimli məşğuliyyətidir. Qurbanov bu idman növünə böyük diqqət göstərərək oyun qaydaları və iştirakçıları ilə tanış olub.
Baş məşqçi Qarabağ qazisi Elşad İbrahimovla boççia oynayıb. Daha sonra iki komanda arasında yarış keçirilib, oyun böyük diqqətə səbəb olub.
Oyundan sonra klub üzvləri ilə təəssüratlarını bölüşən Qurbanov onlara uğurlar arzulayıb. Görüşün sonunda xatirə şəkli çəkdirilib.















































































