"İnter" Azəbaycan Premyer Liqasının cari mövsümündə ilk dəfə böyükhesablı qələbə qazanıb.
Sportnet.az-ın məlumatına görə, mükafatlara iddialı olan Zaur Svaandzenin komandası buna yalnız XII turda autsayderlə ev oyununda nail olub. Bu, AZAL-ı "İnter Arena"da 3:0 hesabı ilə məğlub etdiyi matçdır.
"Bankirlər" sonuncu böyükhesablı qələbəsini ötən çempionatda - mayın 7-də "Rəvan"ı səfərdə 4:0 hesabı ilə yenməklə qazanmışdı. Bu, 2 ildir "İnter"in "sükanı arxası"nda olan gürcü mütəxəssisin Premyer Liqada yeganə darmadağını idi. O, 197 gündən sonra böyük hesabla qalib gəlib.
AZAL kimi "Rəvan" da onda çempionatın son pilləsində gedən komanda olub. Zaur Svanadzenin yetirmələri bu rəqibi kubokda da böyük hesabla yenib. Bu, 1/4 finalda evdə keçirilən cavab matçında qazanılan 3:0 hesablı qələbədir. Göründüyü kimi, "İnter" Zaur Svanadzenin rəhbərliyi altında hələ ki autsayderlərin qənimidir.
Qeyd edək ki, "bankirlər" cari çempionatda böyükhesablı qələbəyə sevinən yalnız 3-cü komanda olub. Bunadək həmin nəticələr yalnız şərikli liderlər "Qəbələ" ilə "Qarabağ"a məxsus idi - hərəyə 3 dəfə. AZAL cari mövsümdə artıq 3-cü dəfə meydanı darmadağın olunmaqla tərk edib. Tərlan Əhmədovun komandası "Qəbələ"yə səfərdə 0:3, "Qarabağ"a 0:6 hesabı ilə uduzub.