Azərbaycan Premyer Liqasının cari mövsümündə bombardirlər yarışında liderlər qrupunda yerdəyişmə olub. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin legioneri Filip Ozobiç 2-ci pilləyə yüksəlib.
Permyer Liqanın ötən turunda "Zirə" ilə matçda qələbə topunun müəllifi olan xorvatiyalı yarımmüdafiəçi debüt mövsümünü keçirdiyi çempionatımızda artıq 5-ci qolunu vurub. Bununla da Filip hesabında 4 qol olanları, o cümlədən "Qarabağ"ın braziliyalı hücumçusu Reynaldo Silvanı arxada qoyub.
Ozobiç bombardilər siyahısına başçılıq edən fransalı komanda yoldaşı Baqali Daboya bir qədər də yaxınlaşıb. Vurduğu 7 qolla çempionatımızın bombardiri olan hücumçu 7-ci turdan bu yana, 2 aya yaxındır qol vurmur. Bu da daha çox zədə olması və yaşıl meydana yeni qayıdışı ilə bağlıdır. Nəticədə ikinci dövrədə fərqlənə bilməyən Dabo rəqiblərinin ona yaxınlaşmasına imkan yaradıb.
Ozobiç Avropa Liqasını da nəzər alsaq, "Qəbələ"də artıq 7-ci qolunu vuraraq ən məhsuldar mövsümünü keçirir. Ancaq istənilən halda, cari mövsümün bombardiri Baqalidir. Çünki fransalı hücumçu Avroliqada 3 dəfə fərqləndiyindən hesabında 10 qol var.
Qeyd edək ki, son turda qol vuranlar "Qəbələ"nin keçmiş yarımmüdafiəçisi Ruslan Abışov da Daboya yaxınlaşır. Milimizin üzvü "İnter"də 4-cü fərqlənib və komandasının bombardiri Ağabala Ramazanova çatıb. Abışov daha çox standart vəziyyətdən - cərimə zərbəsindən və penaltidən rəqib qapısına yol tapır. "İnter"də müdafiəçilər İlkin Qırtımovla Slavik Alxasov cari çempionatda qol hesablarını açıblar. "Qarabağ"ın cənubi amerikalı hücumçusu Dini Ndlovu isə cari çempionatda 2-ci, Avroliqanı da nəzərə alsaq, 3-cü dəfə qol müəllifi olub.
Mehman SÜLEYMANOV