
Azərbaycan Kubokunda 38 əcnəbi mütəxəssis iştirak edib. Onlar ümumilikdə 70 dəfə bu turnirdə qüvvələrini sınayıblar. Debüt 2004/05 mövsümünə təsadüf edib. Onda türkiyəlilər - Rasim Kara "Xəzər Lənkəran”da, Naci Şensoy "Turan”da, ukraynalı Anatoli Konkov "İnter”də siftə edib. Məhz bu 2 ölkənin təmsilçisi Azərbaycan Kubokunun daha çox iştirakçısı olub – hərəyə 8 dəfə.
Ümumiyyətlə, turnirdə 15 ölkənin təmsilçisi yer alıb. Digərləri Gürcüstan (4 nəfər), Almaniya, Serbiya (hər ikisi 3 nəfər), Rusiya, Rumıniya (hər ikisi 2 nəfər), Uels, Çexiya, Bosniya və Herseqovina, İngiltərə, Latviya, İspaniya, Makedoniya və Moldovadər (hərəyə 1 nəfər).
Mövsüm baxımından rekordçu gürcü mütəxəssis Kaxaber Tsxadadzedir – 8. Onun ən yaxın izləyicisi 4 mövsüm iştirak edən ukraynalı həmkarı Roman Pokoradır.
Əcnəbi baş məşqçilər Azərbaycan Kubokunda 253 oyun keçirib. Bu göstəricidədə də 1-ci yerdə K.Tsxadadzedir (32 oyun). Ukraynalı mütəxəssislər Valentin Xodukinlə (24) R.Pokora (16) ilk üçlükdə qərarlaşıblar.
Əcnəbi baş məşqçilər Azərbaycan Kubokunda 125 qələbə qazanıblar. Burada da ilk üçlük dəyişməz qalır – K.Tsxadadze (16 qələbə), V.Xodukin (15 qələbə) və R.Pokora (10 qələbə). 8 əcnəbi mütəxəssis turnirdə qələbə üzünə həsrət qalıb.
Legioner baş məşqçilərin hesabında kubokda 70 heç-heçə var. K.Tsxadadze 11 bərabərliklə liderdir. Onun ən yaxın izləyicisi yenə ukraynalı həmkarı olsa da, bu dəfə A.Konkovdur – 5. R.Kara, gürcü Georgi Çixradze və ukraynalı İqor Nakoneçnıda hərəyə 4 heç-heçə var. 11 əcnəbi mütəxəssis isə bərabərlik etməyib.
Legioner baş məşqçilər Azərbaycan Kubokunda 58 məğlubiyyət alıb. Bu göstəricidə də 1-ci yerdə olan K.Tsxadadze 6 məğlubiyyətlə V.Xodukinlə şərikli liderliyi bölüşdürür. 10 mütəxəssis kubokda uduzmayaq gedib. Onlardan çexiyalı V.Petrjelanın "Neftçi”də 4 qələbəsi olub. "Qəbələ”nin baş məşqçisi olmuş rusiyalı Yuri Syomin isə keçirdiyi 7 oyunun 4-də meydanı qalib tərk edib, 3-də heç-heçə edib. Onun 2014-cü ildə finalda "Neftçi”yə məğlubiyyəti oyunsonrası penaltilər seriyasında olub.
Klublarımız əcnəbi baş məşqçilərin rəhbərliyi altında ölkə kubokunda 420 qol vurub və 217 dəfə topu öz qapısında görüb. Burada da liderlər K.Tsxadadze ilə V.Xodukindir – müvafiq olaraq 53 ilə 50 və 28 ilə 22. Serbiyalı Petar Kurçubiç, türkiyəli Fuad Yaman və gürcü Revaz Dzdodzuaşvili turnirdə qol üzünə həsrət qalıblar. R.Dzodzuaşvili qol da buraxmayıb. V.Petrjela ilə rumıniyalı Dorinel Muntyanu da bu göstəriciyə malikdir.
Konkovun ilkləri, "İnter"in tilsimi və finalda sevinən əcnəbilər
A.Konkov ölkə kubokunda 3 ilkə birdən imza atıb. Bu, 1/4 final, yarımfinal və finala ilk çıxan əcnəbi mütəxəssislərdən olmasıdır. Bu sırada olan əlcəzairli mütəxəssis Adel Amruş 1/4 finalda, R.Kara isə yarımfinalda büdrəyib. Bu ilklərin təsadüf etdiyi 2004/05 mövsümündə A.Konkov həlledici matçda Əsgər Abdullayevin baş məşqçisi olduğu "Bakı”ya əlavə vaxtda 1:2 hesabı ilə uduzduğundan titula həsrət qalıb.
Azərbaycan Kubokununu cəmi 2 əcnəbi mütəxəssis qazanıb. Bunlar C.Biçərlə rumıniyalı Mirça Rednikdir. Onlar ardıcıl 2 mövsüm – 2009/10 və 2010/11-də kuboka sahib çıxıblar. Özü də C.Biçər yarımfinal öncəsi komandaya gələrək titula yiyələnib. Onun baş məşqçisi olduğu "Bakı” Ağasəlim Mircavadovun rəhbərlik etdiyi "Xəzər Lənkəran”ı əlavə vaxtda 2:1 hesabı ilə məğlub edib.
Əcnəbi mütəxəssislərin Azərbaycan Kubokunda göstəriciləri 2 kubok, 9 final, 26 yarımfinal və 44 1/4 finaldır. V.Xodukin 2 finalda iştirak edən yeganə legioner baş məşqçidir. O, 2008-ci ildə "Xəzər Lənkəran”a 0:2, 1 il sonra "Qarabağ”a 0:1 hesabı ilə uduzub. Ümumiyyətlə, hələ ki Azərbaycan Kubokuna həsrət qalan "İnter” 4 finalın hamısını əcnəbilərlə yenilib. Bunlar ukraynalılarla yanaşı, 2011-ci idə K.Tsxadadze ilə "Xəzər Lənkəran”a məğlubiyyətdir. Yeri gəlmişkən, bu, yeganə əcnəbi finalıdır. Ölkə kubokunun finalının daha çox keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda əsas vaxtı 0:0, əlavə vaxtı 1:1 hesabı ilə nəticələnən finalda qalib matçsonrası penlatilər seriyasında müəyyənləşib – 4:2. K.Tsxadadzenin hesabında 4 yarımfinal və 4 1/4 final var.
Turnirdə ən böyükhesablı qələbəyə Qyoko Hacıyevski imza atıb. Makedoniyalı mütəxəssis 2008/09 mövsümündə "Bakı" ilə I divizion təmsilçisi "Qafqaz Universiteti”nə 1/8 finalda 10:0 hesabı ilə qalib gəlib.
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib