"Qəbələ"nin sabiq legioneri Aleksey Antonovun Rusiya Premyer Liqasında çıxış etmək variantı yaranıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının bürünc medalçısı olan 31 yaşlı hücumçu "Anji"yə baxışa dəvət olunub.
Mahaçqala klubunun baş direktoru Eldar İsayev yanvarın 11-dən 25-dək Türkiyədə keçiriləcək təlim-məşq toplanışına dəvət etdikləri 3 yeni futbolçu arasında Antonovun olduğunu açıqlayıb: "Şərif Məhəmmədlə Adlan Katsayev "Anji" ilə təlim-məşq toplanışına yollanacaq. Aleksey Antonova gəlincə, o, komandaya birbaşa Türkiyədə qoşulacaq. Məşqçilər korpusu bu futbolçuları baxışdan keçirərək onlarla bağlı qərar qəbul edəcək".
Qeyd edək ki, "Anji"nin yeni baş məşqçisi erməni Aleksandr Qriqoryandır.