"AFFA-nın İntizam Komitəsinin haqqımda çıxardığı qərardan xəbərsizəm. "Kəpəz"lə matçda aldığım qırmızı vərəqəyə görə mənə 3 oyunluq cəza verilməsini sizdən xəbər tutdum". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri deyib.
Azərbaycan Premyer Liqasının XX turunda "Kəpəz"lə səfər oyununda rəqib futbolçu Nicat Qurbanovla arasındakı insidentə görə birbaşa qırmızı vərəqə alan gürcü yarımmüdafiəçi AFFA-nın İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzaya, klubu isə 2400 manat cəriməyə məruz qalıb.
Qərarda göstərilir ki, Kvekveskrinin cəzalanmasına səbəb rəqib futbolçuya əl atması olub. Nika isə özünü günahsız sayır: "Belə vəziyyətdə heç bilmirsən nə deyəsən...Bu, mənim üçün ağır cəza oldu. Mən gözləyirdim ki, ümumiyyətlə, qırmızı vərəqəm ləğv olunar. Olunmasa belə, maksimum 2 oyunluq diskvalifikasiya olunacağımı düşünürdüm. Çünki birbaşa qırmızı vərəqənin cəzası belədir. Ancaq bunun əvəzində 3 oyunluq cəza aldım. Bunu ədalətsiz qərar sayram. Mən belə cəzaya layiq deyildim. Çox pis oldum. Qarşıdakı 3 oyunda komandama kömək edə bilməyəcəyimə görə üzülürürəm".
Qeyd edək ki, Kvekveskiri "Qəbələ"yə 3 səfər matçında kömək edə bilməyəcək. Bunlar "İnter", "Neftçi" və AZAL-la paytaxtda qarşılaşmalardır. Nikanın cəzası düz 1 ay sonra - aprelin 2-də XIV turda "Zirə" ilə ev oyununda bitəcək.
Mehman SÜLEYMANOV