Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, III dövrənin son turunun açılış matçı Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə "Qarabağ” arasında baş tutub.
Ağdam klubu Samir Abasovun rəhbərlik etdiyi kollektivi ilk iki dövrədə olduğu kimi yenə məğlub edib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda rəqibini Markos Madera, Riçard Almeyda, Muarem Muarem və Bədavi Hüseynovun qolları ilə üstələyib – 4:0.
Bu qələbədən sonra xallarını 45-ə çatdıran "Qarabağ” 1-ci pilləyə yüksəlib. Lakin Ağdam təmsilçisinin liderliyi 4 saat çəkib.
Günün ikinci matçında "İnter” "Qəbələ”ni qəbul edib. Bu kollektivlərin ilk iki dövrədəki oyunlarında heç-heçə qeydə alındığı halda, "Qəbələ” üçüncü dövrənin son turunda tilsimi qırıb. Əyalət təmsilçisi cari çempionatda məğlub edə bilmədiyi yeganə komanda olan "İnter”i 2 cavabsız qola məğlub edib. Qonaqların heyətində Tellur Mütəllimovla Daniel Subotiç fərqlənib.
Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 13-cü qələbəsini qazanaraq xalını 46-ya çatdırıb və liderliyi "Qarabağ”dan geri alıb. "İnter” isə 36 xalla 3-cü sırada qalıb.
Azərbaycan Premyer Liqası
XXI tur
4 mart (şənbə)
16:00 "Sumqayıt” – "Qarabağ” - 0:4
Qollar: Markos Madera, 23. Riçard Almeyda, 45. Muarem Muarem, 49. Bədavi Hüseynov, 60
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
"Kapital Bank Arena”
İlk iki dövrə - 0:2, 0:3
20:00 "İnter” – "Qəbələ” - 0:2
Qollar: Tellur Mütəllimov, 71, Daniel Subotiç, 81
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"İnter Arena”
İlk iki dövrə - 0:0, 1:1