Azərbaycan Premyer Liqasında iki "abunə”çilik birdən qeydə alınmaq üzrədir. Sportnet.az-ın məlumatına görə, "Qarabağ” "Sumqayıt”, "Zirə” "Neftçi”nin qənimi olmaqda davam edir.
"Ağ-qaralar” 1992-ci ildən çıxış etdiyi milli çempionatda hələ ki yalnız zirəlilərə qalib gələ bilməyib. Bu, ötən mövsümdən başlayaraq artıq 7 oyundur davam edir. Bu matçların 5-də "Zirə”nin qələbəsi, 2-də heç-heçə qeydə alınıb.
Düzdür, onu da nəzərə alaq ki, "Neftçi” "Zirə” üzərində elə bu mövsümdə qalib gələ bilib. Özü də böyükhesabla. Ancaq həmin 3:0 hesablı qələbə Azərbaycan Kubokuna təsadüf edib.
"Zirə” adətən nadir hallarda rəqib meydanında qələbə qazanır. Bu, cari çempionatda yalnız 1 dəfə - II turda olub. Maraqlıdır ki, onda Adil Şükürovun baş məşqçisi olduğu komanda da "Neftçi” üzərində səfər qələbəsinə sevinib – 1:0. Fərq ondadır ki, onda "ağ-qaralar” rəqiblərini doğma "Bakcell Arena”da yox, "Əlincə Arena”da qəbul edirdi. Göründüyü kimi, bu, "Zirə”nin hazırkı baş məşqçisi Ayxan Abbasovun ilk səfər qələbəsi olub.
"Qarabağ” isə "Sumqayıt”ı darmadağınlarla üstələyir. Təsadüfi deyil ki, Qurban Qurbanovun komandası ölkə kubokunu da nzəərə alsaq, cari mövsümdə hər 5 oyunda qalib gəlib və bunun son 4-də məqsədinə böyükhesablı qələbə ilə çatıb. Yeri gəlmişkən, Sumqaytdakı son oyunda 4:0 hesablı qələbə "Qəbələ"nin cari mövsümdə ən böyükhesablı qələbəsidir.
Samir Abasovun komandası həmin 5 qarşılaşmada qapısında 19 top görüb, cəni 2-ni vura bilib. "Sumqayıt”ın rəqbindən xal alması, onu məğlub etməsi 2015-ci ilə gedib çıxır.
Göründüyü kimi, "Qarabağ”la "Zirə” rəqibləri ilə cari mövsümdə son oyunda da üstün olarsa, "abunə"çi olmalarını rəsmiləşdirəcəklər.
Xatırladaq ki, "abunə”çi bir komandanın digərini daim məğlub etməsi ilə bağlı "İnter”in bolqarıstanlı sabiq prezidenti Georgi Nikolovun futbolumuza gətirdiyi termindir. Pzü də o, məhz "Neftçi" ilə oyunlarına görə bu ifadəni işlətmişdi.
Mehman SÜLEYMANOV