Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda "Qəbələ” klubunun apellyasiya şikayətinə baxılıb.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
1. AFFA-nın İntizam Komitəsinin "Qəbələ” İK-nın rəsmi şəxsləri Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov və Səbuhi Qarayev barəsində çıxardığı 29 saylı, 02 mart 2017-ci il tarixli qərar qüvvədə saxlanılsın.
2. Azərbaycan Premyer Liqasının XX turunun 28 fevral 2017-ci il tarixində keçirilən "Kəpəz” – "Qəbələ” oyunu zamanı qeydə alınan qayda pozuntusuna dair "Qəbələ” İK-nın futbolçusu Nika Kvekveskiri barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi 02 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, futbolçu verilmiş 3 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Nika Kvekveskiri analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
3. Azərbaycan Premyer Liqasının XX turunun 28 fevral 2017-ci il tarixində keçirilən "Kəpəz” – "Qəbələ” oyununun birinci hissəsindən sonra qeydə alınan qayda pozuntusuna dair "Qəbələ” İK-nın həkimi Namiq Hüseynov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi 02 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, həkim verilmiş 5 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində həkim Namiq Hüseynov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
4. AFFA-nın Hakim-İnspektorlar Komitəsinə bu oyunun təşkili zamanı baş vermiş pozuntu hallarının araşdırılması barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına dərhal məlumat verməsi tapşırılsın və gələcəkdə bu cür halların baş verməməsi təmin edilsin.