"İnter”in qapıçısı Orxan Sadıqlı Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində evdə "Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Sanki ilk hissədə donmuşdun...
- Bəli, bir az üşüyürdüm. Qapıçı elə bir mövqedir ki, topla ilk oynadığın epizod uğurlu alındısa, sonrası yavaş-yavaş gələcək. Komandam üçün əlimdən gələni etdim. Əsas 3 xal idi, onu da qazandıq. Qarşıdakı oyunlara hazırlaşacağıq.
- Qapıda sənin dayanacağınız nə vaxt dəqiqləşdi?
- Səlah Ağayev millidən qayıtdı, söhbət etdik. Ayağında əzələ ağrıları var. Oynayacağımı iki gün qabaq bilirdim.
- "Sumqayıt” son dəqiqələrdə təzyiqi artırmışdı. Qol olacağını düşünmürdün?
- Cərimə meydançasında futbolçular çoxluq təşkil edirsə, orada hər an təhlükə var. Rəqib də vura bilər, özün də səhv edərsən. Məqsəd səhvsiz oynamaq idi, bunu bacardıq. "Sumqayıt”ın da yaxşı imkanları oldu, biz də əlavə 2-3 qol vura bilərdik. Qismət belə imiş, növbəti matçlara hazırlaşacağıq.
- Epizodların birində çıxıb topu başla vurdun...
- Baş məşqçimiz tapşırmışdı, özüm də qabağa çıxıram. Beşli müdafiə elə bir şeydir ki, 3-ü irəli gedəndə, 2-si qalır. Belə vəziyyətlərdə top gələn zaman qapıçı çıxmalıdır. Amma həmin dəqiqə baş məşqçinin səsini eşitdim, "qapıya get” deyirdi. Özümə əmin idim, çıxıb vurdum.
- Baş məşqçi sənə qışqırdı?
- Xeyr, Fuad Bayramova səslənirdi ki, topu yerlə ver.
- Sənin qapıda yer aldığın oyunlarda "İnter” uduzmayıb. Bunu nə ilə bağlayırsan?
- "Xəzər Lənkəran"da topladığım təcrübənin faydasını görürəm. Çünki ehtiyatda olan qapıçı komandasına kömək etmək üçün belə hallarda lazımdır. Şansımı gözləyəcəyəm. Versələr, çıxıb əlimdən gələni edəcəyəm.
- "Xəzər Lənkəran”dan sonra "İnter”in də dağılma təhlükəsi var. Ayağın çox "uğurlurdur”?
- (gülür) Mənim ikinci komandamdır. İnanıram ki, dağılmaz. "İnter” də dağılsa, daha nə oldu? Onsuz da Bakı çempionatı gedir. AFFA-dan bizə deyilib ki, komanda yaşayacaq. Baş katib Elxan Məmmədov da bizimlə söhbət edib. Ola bilər maddi cəhətdən gücünü itirsin.
- Nizami Hacıyev deyib ki, "üçlüy”ə düşsəniz, yaxşı olacaq...
- Ola bilər. Bəlkə bir sponsor tapdılar, məsələn, 10-15 min verdi və ya dedi 8 minə gücüm çatır. Yəni, bizdən asılı olan məsələ deyil. Rəhbərliyin işidir. Hörmətlə yanaşırıq.