"Xal ehtiyatımızı yaxşılaşdırmaq istəyi ilə oyuna çıxmışdıq. Çalışdıq ki, ən azı 1 xal götürək və "Zirə" ilə fərqi 3-ə endirərək, qarşıdakı ev oyunumuzda qələbə ilə xalları bərabərləşdirək. Təəssüf ki, alınmadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "İnter"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. 29 yaşlı müdafiəçi bu məğlubiyyəti unudaraq, növbəti turda "Kəpəz"lə səfər matçından sərfəli nəticə ilə qayıtmağa çalışmalarının vacibliyini vurğulayıb. Hüseynov bildirib ki, hər bir komandanın həm yaxşı, həm də pis dövrü olur: "Düşünmürəm ki, komandamız istədiyini edə bilmir. Yeni yığışdığımız vaxt heç kim Avroliqaya iddia edəcəyimizi deyə bilməzdi. Bu gün 5-ci yerdəyiksə, əziyyətimizin bəhrəsini görürük. Bu, reallıqdır. Bəzi komandalardan beş qat artıq məşq edirik. Sadəcə, futbolda alınmayanda alınmır".
Təcrübəli oyunçu klub prezidenti Kamran Quliyevlə baş məşqçi Samir Abasov arasında fikir ayrılıqlarının olduğuna dair söz-söhbətlərə münasibət bildirmək istəməyib: "Onların özləri bilər. Mən bir şey deyə bilmərəm".
Hüseynovun fikrincə, Abasov oyunsonrası mətbuat konfransında "Qalan 6 oyundan 1-ni udsaq, bizim üçün kifayətdir" sözlərini əsəbi olduğu üçün deyib. O, baş məşqçinin kollektivə hər zaman inandığını vurğulayıb: "İnanmasaydı, başımızın üstündə olmazdı. Çalışacağıq ki, qalan 6 oyundan maksimum nəticə göstərək. Çünki "Zirə və "Neftçi" kimi komandaları evdə qəbul edəcəyik. Yaxşı nəticələr üçün mübarizə aparacağıq".
Qeyd edək ki, "Sumqayıt" 22 oyundan 25 xalla 5-ci pillədə qərarlaşıb.