"Qarabağ"ın futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının XXII turunda AZAL-a evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sporrnet.az-ın məlumatına görə, gənc hücumçu əvvəlcə qələbəni şərh edib...
- Hər oyuna hazırlaşdığımız kimi, bu matç da tam ciddi hazırlaşmışdıq. Qalib gəldiyimiz üçün sevinirik.
- Düşünmürsən ki, "Qarabağ”ın oyunu son zamanlar alınmır?
- Deməzdim ki, oyunumuzda eniş var. Hər matça ciddi hazırlaşırıq. Bu gün də qol epizodundan başqa bir neçə real imkanlarımız oldu. Məncə, bu sualı məşqçiyə ünvanlasanız, daha yaxşı olar.
- "Qarabağ”a tam uyğunlaşdığını düşünürsən?
- Bura gələndə çətinlik çəkmədim. Çünki hamını demək olar ki, tanıyırdım. Millidə də birgə oynamışam. Uşaqlığımdan tanıdığım oyunçular da var idi. Ümumi olaraq, çətin olmadı.
- "Qarabağ”la "İnter” fərqli oyun oynayırlar. Sistemə öyrəşmisən?
- "İnter” 5, "Qarabağ” isə 4 müdafiəçi ilə oynayır. Çətinlik çəkmirəm.
- Hücumda bir qədər zəif olmağınızın səbəbi Dani Kintananın yoxluğu ola bilərmi?
- Əlbəttə, Kintana bizim üçün önəmli futbolçudur. Onun yoxluğu hiss olunur.
- Milli komandanın Qətərlə matçı necə keçdi?
- Heç oyunun icmalına mən də baxmamışam. Ansi Aqolli də demişdi ki, Qətər – Albaniya yoldaşlıq görüşü də qapalı şəraitdə keçib. Qolları heç mən də görməmişəm (gülür).
- Millimiz martın 26-da Almaniyaya qarşı oynayacaq. Bu oyunda yığmadan nə gözləmək olar?
- Almaniya ilə oyuna tam ciddi hazırlaşacağıq. Asan rəqib deyil. Dünya çempionuna qarşı mübarizə aparacağıq. Əl-qolumuzu sallamayacağıq ki, Almaniya bizə 4-5 qol vursun. Sona qədər mübarizə aparacağıq.
- Fərdi keyfiyyətlərdən istifadə etməyi sevən oyunçusan. Qarşında isə dünyanın ən güclü müdafiəçiləri olacaq. Onlara qarşı driblinqlərdən istifadə edəcəksən?
- Bizdə elədir ki, hücumçu öndə sərbəst olmalıdır. İrəli xətddə sərbəst davranmağı Robert Prosineçki tapşırıb.