"Oyunun bu cür çətin şəraitdə keçəcəyi məlum idi”.
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XXIII turunun açılış oyununda "Kəpəz”ə 0:1 hesabı ilə uduzan "Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
39 yaşlı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, görüşün taleyinin bir qolun həll edəcəyini təxmin edirmiş. Onun sözlərinə görə hər iki komandanın qalib gəlmək üçün şansı olub: "Bir qolu biz də vura bilərdik, rəqib də. "Kəpəz” bunu bacardı. Buraxdığımız səhv qolla nəticələndi. Bu cür meydançada komandaların 2 topdan çox vurduğunu görməmişik. Belə qazondan istədiyin kombinasiyanı qura bilmirsən. Çox çətindir. Bu "Kəpəz”ə Sumqayıtda 3:1 hesabı qalib gəlməyimiz dediyimə sübutdur. Əvvəlcədən bilirdik ki, bu oyunu oynaya bilməyəcəyik. İndi 3-4 günlük ara verəcəyik. Bayramı qeyd edənləri təbrik edirəm. Vəziyyətimiz get-gedə gərginləşir. Çempionatda maraq artır, rəqiblər bir-birinə yaxınlaşır. Bizim üçün hələ heç nə bitməyib. Bundan sonra evdə oyunlarımız var. Vəziyyəti düzəltməyə çalışacağıq”.
S.Abasov oyun bitəndən sonra hakimlərə yaxınlaşmasına da aydınlıq gətirib. O, bunu öz futbolçularını qorumaq üçün etdiyini söyləyib: "Matçdan sonra 3-4 futbolçumuzun hakimlərə yaxınlşadığını gördüm və oyundan sonra xoşagəlməz halın baş verməsini istəmədim. Onları ordadan aparmaq üçün yaxınlaşmışdım”.