Almaniyanın "Bild” qəzeti millimizin futbolçusu Renat Dadaşovla bağlı sensasiyalı xəbər dərc edib.
Sportnet.az-ın məlumatına görə, yazıda iddia edilib ki, AFFA 17 yaşlı futbolçunu Azərbaycan yığmasına cəlb etmək üçün ona 1 milyon dollar və ev verib. Məhz bundan sonra futbolçunun millimizdə oynamaq təkifini qəbul etdiyi bildirilib.
AFFA-nın təklifini qəbul edənə qədər Dadaşov Almaniyanın U-17 komandasında çıxış edib. O, Azərbaycan millisini seçməsini doğma vətənə sevgisi ilə əlaqələndirib. Amma "Bild” qəzeti yazır ki, Dadaşov əslində bu seçimi pula görə edib: "Ona 1 milyon dollara yaxın – 930 min avro və ev təklif edilib. Bundan sonra Renat Azərbaycandan gələn təklifi qəbul edib”.
Yazıda həmçinin bildirilib ki, pul bu yeniyetmə futbolçunun həyatında önəmli rol oynayıb: "O, "Ayntraxt”ın tərkibində U-15 komandaları arasında çempion olduqdan sonra "Leypitsq”dən gələn təklifi qəbul etdi. Axı, 14 yaşlı futbolçuya bir ayına 2500 avro təklif etmişdilər. Amma "Leyptsiq”də o xoşbəxt deyildi. Hücumçunun artıq U-19 komandasında çıxış edərkən baş məşqçi Akim Byerlorzerlə münaqişəsi yaranmışdı. Çünki o, internat məktəbə gələrkən ətrafa 100 avroları səpməsini videoya çəkib WhatsApp-da paylaşması ilə qürurlanırdı”.
Nəşr yazıb ki, Renat Dadaşovun "Leypitsq”dən "Aytraxt”a keçməsi onun intizamsız davranışları ilə bağlı olub: "O, gecə elektrik plitədə yarımfabrikatlar hazırlayaraq onu komanda yoldaşlarına satıb. Amma "Ayntraxt” onun istedadına inandığı üçün təzədən qəbul etdi. Hələ ki, o, komandasının ümidlərini doğruldur. Renat "Ayntraxt"da 7 oyuna 5 qol vura bilib”.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə qol.az-a deyib ki, futbolçuya heç bir məbləğ ödənilməyib: "Renatın Azərbaycanla bağlılığı var. Buna görə də razılaşıb, gəlib oynayır. Ona heç bir məbləğ təklif olunmayıb. Onun Azərbaycan millisində oynaması FİFA bir neçə ay bundan əvvəl razılıq verib. Almaniya ilə oyuna bir gün qalmış belə bir məsələnin qaldırılması düzgün deyil. AFFA-nın sonuncu konfransında maliyyə hesabatı açıqlandı. Hansısa futbolçunun milliləşdirilməsi ilə bağlı heç bir vəsaitin xərclənmədiyi məlum oldu”.