"Bu, "İnter" üçün çox önəmli görüşdür. "Qəbələ"ni evdə qəbul edirik və buna görə də diqqətli oynamalıyıq. Evdə qol buraxmamalıyıq. Buraxacağımız qol bizim işimizə mənfi təsir göstərə bilər".
Bunu Sportnet.az-a açıqlamasında "İnter"in müdafiəçisi Adrian Skarlatake Azərbaycan Kubokunda "Qəbələ" ilə keçirəcəkləri ilk yarımfinal matçı barədə danışarkən deyib. Rumıniyalı müdafiəçi ev oyunundan qalib ayrılmaq istədiklərini bildirib: "Qəbələ"yə çempionat oyununda uduzmuşduq. Biz bu görüşə revanş gözü ilə baxmırıq, normal oyun kimi yanaşacağıq. Evdə yaxşı oynayaraq qalib gəlməyi çox istəyirik. Təbii ki, 1:0 və ya 2:0 hesablı qələbə bizim üçün yaxşı olardı. Çünki bu halda final şansımız yüksələcək".
Skarlatake yarımfinalın digər cütlüyü "Neftç" - "Qarabağ" barədə isə bunları deyib: "Həm "Neftçi"yə, həm də "Qarabağ"a qarşı oynamaq çətindir. "Qarabağ" Azərbaycanın ən yaxşı futbol oynayan komandasıdır. "Neftçi" də son oyunlarda çox yaxşı çıxış edir. Bizim üçün hər ikisinə qarşı oynamaq çətin olar".
Qeyd edək ki, martın 30-da "İnter Arena"da keçiriləcək matç saat 17:00-da başlanacaq.