"Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli "Qarabağ"la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Qələbə qazanmağınıza nə mane oldu?
- Bizim üçün belə ab-havada oynamaq qürurvericidir. "Qarabağ”la görüşdə qalib gələrək azarkeşlərimizi sevindirmək istəyirdik. Veteranlarımız da gəlmişdi bizə dəstək olmağa. Hamını sevindirmək istəyirdik, ancaq alınmadı. Hər şey bitməyib, hələ cavab oyunu var.
- "Qarabağ”ın optimal heyətlə oynamaması sizə əlavə üstünlük qazandırırdı?
- Mən belə şeylərlə maraqlanmıram. Biz öz oyunumuza hazırlaşırdıq. Bəli, rəqibin tam heyətlə oynamaması bizim üçün üstünlük sayıla bilərdi. Bizim də şanslarımız var idi. Sadəcə yararlana bilmədik. "Qarabağ” isə düşən imkanlardan maksimum yararlandı. Cavab görüşü çətin olacaq, əlimizdən gələni edəcəyik.
- "Qəbələ”, "İnter” qələbələrindən sonra "Qarabağ”a da müqavimət göstərəcəyiniz gözlənilirdi. Bu məğlubiyyət çempionat oyunlarında sizi sarsıtmayacaqki?
- Fasilə çox azdır. Bir az yorğunçuluq olacaq. Düşünmürəm ki, "Qarabağ”a məğlubiyyət çempionat oyunlarımıza təsir göstərər. Kubok oyunları ayrıdı, çempionat oyunları ayrı. Premyer Liqada dördüncü pilləni tutaraq avrokuboklara yollana bilərik.
- Yubiley ilində mövsümü titulsuz başa vuracaqsınız..
- Nə deyə bilərəm? Düz vurğulayırsınız. Hamımız üçün pis nəticə olacaq. Bu ili titulsuz başa vurmağı istəməzdik. PSJ "Barselona” oyununu yada salmaq istəyirəm. Fransızlar ilk oyunda 4:0 qalib gəlsə də, cavab matçında "Barselona” 6 qol vurdu.
- "Qarabağ”la cavab qarşılaşmasında "Barselona” ola bilərsiniz?
- Futboldu, hər şey ola bilər. "Qarabağ” bizə 2 qol vurursa, biz niyə səfərdə onlara iki qol vurmayaq? Çalışacağıq ki, bu vəziyyətdən çıxaq.