
"Ağır və çətin oyun keçdi. Belə də gözləyirdik. İstəyirdik ki, yaxşı oynayaq, baş məşqçimizin tapşırıqlarını yerinə yetirək".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Mahir Mədətov evdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra deyib.
20 yaşlı hücumçu epizodların birində topun cərimə meydançası daxilində əlinə dəyməsi barədə iddiaları gülüşlə qarşılayıb: "Top əlimə dəydi? Gedib baxaram. Bunu sizdən eşidirəm. Bəlkə də hissiyyatım yoxdur".
Mədətov çempionluq barədə danışmağın tez olduğunu da söyləyib: "Hələ qarşıda 3 tur var. Boşalmaq olmaz. Qalan oyunlarda nə gücümüz varsa, qoymaq istəyirik. "Qəbələ" ilə 4 xallıq fərq elə də böyük deyil. İndiki durumda hər şey mümkündür. 2 tur xal itirsək, "Qəbələ" isə qələbə qazansa, işimiz çətinləşə bilər. Ona görə də elə etməliyik ki, sonda peşman olmayaq".
Gənc oyunçu "Qəbələ" ilə mayın 5-də Naxçıvanda keçirəcəyi Azərbaycan Kubokunun finalı barədə də fikir bildirmək istəməyib: "Hələ qarşıda 3 tur var. Naxçıvandakı oyuna çox qalıb. Əvvəlcə çempionatı başa vuraq, sonra kubokun finalı barədə düşünərik".