
"Hər bir rəqibə hörmətlə yanaşırıq. "Sumqayıt” güclü komandadır. Buna rəğmən, matça qələbə üçün çıxacağıq".
Bunu Sportnet.az-a açıqlamasında "Zirə”nin müdafiəçisi Adil Nağıyev aprelin 15-də səfərdə "Sumqayıt"la keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVI tur matçı barədə danışarkən deyib.
22 yaşlı müdafiəçi bildirib ki, "Zirə"nin məğlub edə bilməyəcəyi komanda yoxdur. Onun fikrincə, baş məşqçi Ayxan Abbasovun tapşırığını maksimum yerinə yetirə bilsələr, "Sumqayıt”ı yenmək olar: "Bu, bizim üçün çox vacib oyundur, inanıram ki, qələbə qazanarıq”.
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət yığmaya dəvətlilər siyahısında Nağıyevin də adı var. Gənc oyunçu millimizin çətin qrupa düşdüyünü iddia edir: "Əvvəla onu deyim ki, yığmanın heyətinə düşə biləcəyəm ya yox, heç bu haqda düşünməmişəm. Çünki fikrim "Zirə”nin son üç oyunundadır. Avropa Liqasına vəsiqə qazanmağımız üçün hər üç görüşdə qalib gəlməliyik. Milliyə gəldikdə, çətin qrupdur, çalışmaq lazımdır ki, qrupdan çıxaq".
Nağıyev yığmada da əsas heyətə düşmək üçün hər şeyin ən yaxşısını etməyə çalışacağını vurğulayıb: "Rəqabət olan yerdə inkişaf da olur. İnanıram ki, Yaşar Vahabzadə mənə güvənib əsas heyətdə yer verəcək”.
Qeyd edək ki, Azərbaycan yığması İslamiadada Kamerun, Mərakeş, Səudiyyə Ərəbistanı ilə birgə A qrupuna düşüb.