"Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Bizdə istək çatışmırdı. Komandada zədəlilər də çox idi. Bu cür ağır vəziyyətdə oyunçuları itirmək çox çətindir. İlk dövrədə "Qarabağ”a böyük hesabla məğlub olduqdan sonra heç bir oyunda belə uduzmamışdıq".
Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Neftçi”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Məğlubiyyətdə futbolçuların zəif çıxışının nə dərəcədə rolu oldu?
- Çempionatın sonuna az qalıb. Heç kimi ittiham etmək istəmirik. İki turu da yola verək, sonra necə olacağına baxarıq.
- Emin Cəfərquliyevin yoxluğu komandanın oyununa necə təsir etdi?
- Bu gün Azərbaycanda universal oyunçulara daha çox ehtiyac var. Ehtiyatda qapıçıdan əlavə 6 oyunçu olur. Meydanda isə 10 oyunçu. Bir oyunçu belə olmayanda, bu, özünü bariz göstərir. Xüsusilə də, bizim kimi maddi çətinliyi olan komandalarda.
- Vitse-prezident Vaqif Qasımov komandanın yüksək liqada saxlanılacağı təqdirdə, vəziyyətin düzələcəyini deyib...
- Bu barədə məlumatım yoxdur. Mən də istərdim komanda yüksək liqada qalsın. Yaxşı infrastrukturu var. Mən qalacağam, qalmayacağam, bilmirəm. Lakin 99,9 faiz gedəcəyəm.
- Vəziyyət düzəlsə də?
- Yeni mövsüm avqustun birinci ongünlüyündə başlayacaq. Vəziyyət düzələcəksə, bunu indidən bilməliyik ki, heyəti komplektləşdirək. Çempionat başlayandan sonra oyunçu yığmaq çox çətindir.
- Oyunçularınız penaltini bölüşə bilmirdi sanki...
- İlk dəfədir bizim lehimizə penalti verdilər. Ancaq bizim əleyhimizə 6 penalti verilib. Verməsələr də, mənim üçün sensasiya olmazdı. Penaltini niyə Nuqzar Kvirtiya vurdu, bilmirəm. Yəqin, öz aralarında elə razılaşıblar. Bizdə ştatlı penalti vuranlar Ruslan Əmircanov, Rəşad Abdullayev və Nuqzardır. Onlar öz aralarında belə razılaşıblar yəqin.
- Vaqif Cavadovun oyunu barədə nə deyə bilərsiniz?
- Ona vaxt lazımdır. Böyük klublarda oynadıqdan sonra pulsuz çıxış etmək, yəqin ki, ona da təsir edir. Heç kim heç kimi şəxsiyyətinə görə seçmir. Şəxsən mənim üçün futbolçunun dini, irqi heç bir rol oynamır. O ki qaldı Vaqifə, hər şey onun öz əlindədir.
- Adətən, 65-ci dəqiqədə hər 3 əvəzetmədən istifadə etmirlər. Ancaq siz bu gün əvəzetmələri tez etdiniz, sonradan oyunçunuz Arkadi Qalperin zədələnəndə onu əvəz edə bilmədiniz...
- Hesab 0:4 olduğundan, mərkəzdəki boşluğu doldurmaq lazım idi. Ona görə əvəzetmələri tez etdim.