"Sumqayıt"ın kapitanı Vurğun Hüseynovun Sportnet.az-a müsahibəsi...
- "Zirə” ilə matçda qələbəni əldən verdiniz. Oyun haqda nə deyə bilərsən?
- Oyunun ağır keçəcəyini əvvəlcədən də bilirdik. Bizim üçün final matçı idi. Evdə oynadığımızdan, qələbə qazanmaq istəyirdik. Ancaq heç cür alınmadı. Son dəqiqədə qol buraxıb qələbəni əldən verdik. Nəticəyə görə çox təəssüflənirəm.
- Komanda bir xal qazandı, yoxsa iki xal itirdi?
- Əlbəttə, iki xalı itirən tərəf biz olduq. Son saniyə qolu ilə qələbə əldən getdi.
- Qapınıza təyin edilən penalti haqda fikrin nədir?
- Baş hakimin qərarı düzgün idi.
- "Sumqayıt”ın sona 2 tur qalmış avrokubok şansını necə dəyərləndirirsən?
- Şansımız hələ də qalıb. Şans varsa, sona qədər mübarizə aparmaq, bundan yararlanmaq lazımdır. Ancaq gərək rəqiblərimiz də xal itirsin.
- Qarşıdakı iki turda çempionluq uğrunda mübarizə aparan "Qarabağ” və "Qəbələ” ilə oynayacaqsınız...
- Həyatda mümkünsüz şey yoxdur. Çempionatın iki ən güclü komandasına qarşı oynayacağıq. "Qarabağ” və "Qəbələ” ilə matçlarda ancaq nəticəyə oynayacağıq. Başqa şansımız da yoxdur.
- Avrokubok yolunda əsas rəqibiniz "Zirə” isə "Neftçi” və AZAL önünə çıxacaq. Səncə, "Zirə”nin qarşıdakı turlarda 6 xal qazanması daha inandırıcı görünmür?
- Rəqiblərimizə diqqət yetirsək, "Zirə” daha şanslı görünür. Ancaq biz ən birinci öz nəticəmizi qazanıb, "Zirə”nin xal itirməsini gözləməliyik.