
"Kəpəz”in yarımmüdafiəçisi Serjinyonun Sportnet.az-a müsahibəsi...
- "Qəbələ” ilə matçda qalib gəldiniz. Bu oyun haqda nə deyərdin?
- Çox yaxşı oyun sərgilədik. Mövsüm ərzində ən yaxşı oyunlarımızdan biri idi. Əsl gücümüzü göstərə bildik. Bu, böyük qələbədir.
- İlk yarıda o qədər də inamlı təsir bağışlamadınız. Ancaq fasilədən sonra "Kəpəz” daha yaxşı oynayaraq qalib gəldi. Maraqlıdır, fasilədə Şahin Diniyev sizə nə dedi?
- Oyuna çox yaxşı başladıq və qol şansları əldə etməyə çalışdıq. Ancaq 25 dəqiqə sonra "Qəbələ” oyunu bərabərləşdirdi. İkinci hissəyə isə biz lap yaxşı başladıq. Fasilədən sonra daha yaxşı oynadıq. Fasilədə Şahin Diniyev bizə göstərişlərini verdi və inandırdı ki, biz daha yaxşı çıxış edə bilərik.
- Julyen Ebahın vurduğu qoldan əvvəl bir çox qol epizodunu boşa verdiniz. Həmin epizodlardan sonra düşünmürdün ki, nəticə sizin üçün yaxşı başa çatmaz?
- Yox, əksinə, komandamızın qalib gələcəyinə inanırdım. Biz qələbə istəyirdik, ona görə sona qədər istəyimizdən əl çəkmədik.
- "Qəbələ”yə qalib gələndən sonra "Qarabağ”ın çempion olması üçün daha çox kömək oldunuz...
- Biz öz işimizi gördük. Başqa heç nə düşünmürdük.
- Qarşıdakı turda AZAL və "İnter”lə qarşılaşacaqsınız. "Kəpəz”in avrokuboklara yollanması səncə, realdır?
- Biz indi AZAL-la oyunu düşünürük. Bu görüşdə də qalib gələrək uğurlu çıxışımıza davam etmək istəyirik. Ümidvaram ki, hər şey biz istəyən kimi alınacaq.
- "Kəpəz” cari mövsüm 30 xal qazanıb, onun 24-nü evdə əldə edib. Nəyə görə səfərdə bu qədər zəif çıxış edirsiniz?
- Bəli, biz evdə daha güclüyük. Çünki azarkeşlərimizin dəstəyi bizə çox kömək olar. Səfər matçlarında nədənsə, güclü oynaya bilmirik. Amma AZAL-la matçda qalib gələrək səfərdə də güclü olduğumuzu göstərmək istəyirik.
-"Kəpəz”də qalmaq fikrin var?
- Bu haqda düşünmək istəmirəm. Çünki qarşıda bizi vacib oyunlar gözləyir.