"Mən deməzdim ki, avrokuboklar şansımızı tam itirmişik. Çünki biz evdə "Qəbələ”ni məğlub etsək və Gəncədə də "Kəpəz" xal itirsə biz beşinci pilləyə yüksələ bilərik". Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev Azərbaycan Premyer Liqasının 27-ci turunun "Qarabağ"la oyunundan sonra danışarkən deyib.
Vəliyev "Sumqayıt"ın hələ də avrokuboklara yollanmaq şansını saxladığını bildirib. Onun fikrincə, komanda beşinci pilləni tutarsa, "İnter"in avrokuboklara getməyəcəyi təqdirdə, Avropa Liqasına yollana bilər: "Ola bilsin ki, beşinci pillədəki komanda avrokuboklara yollansın. Bəli, "İnter” məsələsinə görə deyirlər beşinci pillədəki komanda yollana bilər Avropa Liqasına. İstənilən halda biz işimizə davam edirik və ümidimizi itirmirik. "Qarabağ”la oyunda da əlimizdən gələni etdik ki, ən azından bir xalla dönək. Ancaq yenə alınmadı. Gücümüz bu qədər idi. Əvvəlki oyunlara baxanda "Qarabağ”a bu dəfə ən yaxşı oyunumuzu oynadıq".
Ağdam klubunun qapısını qorumuş Vəliyev sabiq komandasının Çempionlar Liqasında uğurlu çıxış edəcəyinə inandığını dilə gətirib: "Qarabağ" bizim fəxrimizdir. Həm yerli çempionatda, həm də Avropada da güclü çıxış etməsi göz qabağındadır. "Qarabağ”a Çempionlar Liqasında uğurlar arzu edirəm. Ümidvaram ki, bu komanda qrup mərhələsinə vəsiqə qazanar.
İnanırıq ki, komandalar güclənəcək və "Qarabağ”ın qarşısına çıxacaq. Amma etiraf edək ki, "Qarabağ”ın gücü də göz qabağındadır".