"Premyer Liqaya vəsiqə qazandıqları deyilən 3 klub barədə məlumatlar rəsmi deyil. Rəsmi qaydada lisenziyalaşdırmanın nəticəsini gözləyəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, İcraiyyə Komitəsinin son iclasında Premyer Liqada çox güman ki, 8 komandanın olacağı qeyd edilib: "Təbii ki, arzumuz 10 komandadır. Amma sənədlərə, lisenziyalaşdırmaya uyğun hərəkət etmirlərsə, o zaman lisenziyanı da əldə edə bilməyəcəklər. Bir daha deyirəm: Arzumuz 10 komandadır. Amma hazırda sənədlərə baxaraq, görürük ki, 8 komandadan çox mümkün deyil".
E.Məmmədov AZAL-ın gedişindən sonra Premyer Liqada boş qalan 8-ci yerə hansı komandanın sahib çıxacağı məsələsinə də aydınlıq gətirib. O elitada oynamaq üçün edilən müraciətlərə baxılacağını söyləyib: "3 komanda müraciət edib. Onların adlarını hələlik məxfi saxlamalıyıq. Bəziləri müraciət kağızı göndəriblər. Sənədlər isə gəlməyib".
Baş katib fəaliyyətini dayandırdığını bəyan edən AZAL komandasının yaşayacağını söyləyib: "Bu klub I Divizionda mübarizə aparacaq. AZAL-ın öz imkanları var. Premyer Liqa ilə müqayisədə I Divizionda oynamaq üçün böyük vəsait lazım deyil. Onların bu vəsaiti qarşılamağa imkanları çatır. Məncə, problem olmayacaq və AZAL idman prinsiplərini pozmayaraq, I Divizionda çıxış edəcək. Düşünürəm ki, bu komandanın aşağı liqada olmasının diviziona müsbət təsiri olacaq".
Qeyd edək ki, 2017-2018 mövsümündə Azərbaycan Premyer Liqası və Avropa kuboklarında iştirak üçün lisenziya alan klubların adları mayın 12-də açıqlanacaq.