"Qəbələ” müdafiəçisi Vitali Vernidubla müqavilə müddətini uzadıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2016-2017-ci illər mövsümünün sonunda başa çatan 30 yaşlı futbolçu daha bir il "qırmızı-qara” formanı geyinəcək.
Daha əvvəl ukraynalı qapıçı Dmitri Bezotosnı ilə də müqavilə müddəti gələn mövsümün axırınadək uzadılıb.
Qeyd edək ki, Vitali Vernidub 2015-ci ilin iyunundan şərəfini qoruduğu "Qəbələ”nin heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, "qırmızı-qara” forma ilə keçirdiyi 53 matçda 3 qol vurub. Ukraynalı müdafiəçi Premyer Liqada 25 oyunda 2, Avropa Liqasında 22 qarşılaşmada 1 dəfə fərqlənib, Azərbaycan kubokunda 6 matç keçirib.









                 





    
    
    
    
    
    
    
    
    

























































