"Qarabağ" rəsmisi ECA sertifikatına layiq görüldü
"Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klubları Birliyi (ECA) və Stokholm Biznes Universitetinin birlikdə təşkil etidiyi klub idarəçiliyi haqda proqramı uğurla başa vuraraq sertifikatla təltif edilib. Sportnet.az-ın məlumatına görə, 40-dan çox klub nümayəndəsinin qatıldığı kursun mükafatlandırma mərasimi Polşanın paytaxtı Varşavada təşkil olunub.
Əsgərov klubun rəsmi saytına açıqlamasında proqram haqda ətraflı danışıb: "Son 10 ildə UEFA məşqçiliyin inkişaf etməsi üçün B, A və Pro kateqoriyalı məşqçilik kursları keçirməyə başladısa, ali futbol qurumu da klub idarəçiliyi ilə bağlı işlər görməyə start verib. ECA bu xəttə uyğun olaraq, ilk dəfə klub idarəçilərinin menecmentinə uyğun olaraq belə bir proqram hazırladılar. 2016-cı ilin yanvarından bu proqram başladı və 18 ay davam etdi. Proqram 7 (6+1) moduldan, hər modul isə iki hissədən ibarət idi. Bu modullar futbol idarəçiliyi ilə bağlı sahələri əhatə edirdi. Məsələn, bir modulda klub daxili və xarici mühitin idarə olunması, başqa bir modulda oyun günü idarəçiliyi, digərində hüquqi futbol, transfer çalışmaları və s."
Baş menecerin sözlərinə görə, proqramın üstünlüyü odur ki, burada nəyisə kitabdan oxuyub onu cavablandırmaq kimi bir sistem yoxdur: "Klub rəsmilərinin idarəçilik qabiliyyəti yoxlanılırdı. Burada "TOP-5” və yüksək əmsallı klubların uyğun bölümlərinin rəhbərləri seminar keçirdi və buna da uyğun olaraq imtahan verirdik. Hər modul məşhur bir stadionda keçirilirdi. Seminarlar "Visente Kalderon” ("Atletiko” ), "Allianz Arena” ("Bavariya”), "Park Olimpik Lyon” ("Lyon”), "Draqao” ("Portu”) və "Legiya” (Legiya) stadionlarında baş tutdu. 40 klubun nümayəndəsi bu proqramda iştirak etdi. Yekun olaraq isə, 31 sertifikat təqdim olundu. İtaliyanın "İnter” və "Milan”, Yunanıstanın "Olimpiakos”, İngiltərənin "Tottenhem” və digər böyük klubların menecerləri də bu proqramda iştirak edirdi. Türkiyədən "Beşiktaş” və "Fənərbaxça”nın idarəçiləri bu proqrama qoşulsa da, sonda yalnız "Fənərbaxça” rəsmisi sertifikatla təltif edildi".
A.Əsgərov bildirib ki, proqramın +1 modulu ECA-nın Stokholm Biznes Universiteti ilə birlikdə keçirdiyi layihə olub. Layihəyə uyğun olaraq Stokholm Universitetinde İki gün ərzində universitetin professorları tərəfindən idarəçilik haqda mühazirələr dinlənilib. Daha sonra universitetin professorları tərəfindən imtahanlar götürülüb və nəticədə mayın son günü "Legiya” stadionunda sertifikatlar təqdim olunub.
Baş menecer deyib ki, bu layihə uğurlu başa çatdığına görə, noyabrdan klub idarəçiləri üçün CMP-2 proqramı başlayacaq və o da 18 ay davam edəcək: "Arzum futbolumuzun inkşafı üçün digər Klub idarəçilərimizin də burada iştirakı, təcrübəsinin artırılmasıdır. Dünən diplomların təltifetmə mərasimi Polşada baş tutdu və İsveçin Polşadakı səfiri, "Legiya” klubunun sahibi və Avropa Klublar birliyinin sədri, eyni zamanda "Bavariya” klubunun İdarə Heyətinin sədri Karl Haynz Ruminegge də mərasimdə iştirak etdi. Onlar da bildirdi ki, klub idarəçiliyi baxımından gələcəkdə Avropa klublarının idarəçilərinin belə bir diplomların alması vacib hala çevriləcək".