
Azərbaycan millisinin və "Neftçi” komandasının sabiq futbolçusu Samir Məsimov Rusiyanın I divizionunda çıxış edən "Fakel” komandasında baxışdadır. Sportnet.az-ın Voronej təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi sınaqdan keçmək üçün kollektivə qoşulan 14 futbolçudan biridir.
S.Masimov "Fakel”in "Avanqard” 4:3 hesabı ilə qalib gəldiyi yoxlama görüşündə də iştirak edib və ilk hissədə qol şansını boşa verib.
Komandanın baş məşqçisi Pavel Qusev oyundan sonra bildirib ki, bəzi futbolçuların çıxışından narazı qalıb: "Matçın analizinə əsasən kimlərin komandanı tərk edəcəyinə dair qərar verəcəyik. Müdafiədə problemlər var, ilk hissədə 3 qol buraxdıq. Bizimlə müqaviləsi olanları meydana buraxmadıq. Baxışa gələnləri yoxladıq. Çempionatın startına 3 həftə qalıb, heyəti optimallaşdırmaq lazımdır”.
Qeyd edək ki, Rusiyanın "Lokomotiv” klubunun yetirməsi olan Samir Məsimov 2016-cı ilin fevralında "Neftçi"dən ayrılaraq, Sloveniya təmsilçisi "Domjale" ilə 3 illik müqavilə bağlayıb. Orada əsas heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçi bu ilin fevralından AZAL-a qoşulsa da, komandası Premyer Liqanı sonuncu pillədə başa vuraraq I diviziona düşüb.
]