1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Ən varlı klubumuzun büdcəsi 5 milyon dollardır" - MÜSAHİBƏ
Azərbaycanlı jurnalistlərlə Minskdə yoldaşlıq görüşündə üz-üzə gələn Belarus komandasının üzvü, "Pressbol" qəzetinin əməkdaşı Sergey Mardaseviçin Sportnet.az-a müsahibəsi
- Bir ara qəzetinizlə Belarus Futbol Federasiyaları Assosiasiyası (ABFF) arasında problem yaranmışdı. Həmin problem yoluna qoyuldu?
- Prinsipcə, elə də böyük problem yox idi. ABFF 3 ildir bizim tərəfdaşımızdır. Biz hətta "Futbol evi"nə köçdük. Hazırda bizim redaksiya orada yerləşir və federasiya ilə qarşılıqlı münasibətlər normaldır.
- Jurnalistlərdən ibarət komandanız necə çıxış edir?
- Bu, bizim ikinci oyunumuz idi. Hər həftənin çərşənbə günü ABFF-in stadionunda saatyarım futbol oynayırıq. Bu hal iki ildir davam edir. Amma elə də beynəlxalq oyun keçirmirik. Bu, ikinci matçımız idi. İki il əvvəl yaponiyalı jurnalistlər gəlmişdilər. Biz onları böyük hesabla yenmişdik - 8:1. Həmin vaxt böyük futbol oynayırdıq. İndi isə sizə qarşı kiçik ölçülü meydanda çıxış etdik və hesab bərabər oldu - 2:2. Bu nəticəyə əsasən, Azərbaycan komandasının Yaponiyadan güclü olduğunu deyə bilərəm.
- Komandamızın heyətində kimi fərqləndirərdiniz?
- Nurani İsgəndərovu. Xüsusən, sol ayağı ilə yaxşı çıxış edirdi. Deyəsən, əvvəllər peşəkar səviyyədə futbol oynayıb. Qalan oyunçular isə həvəskar səviyyədə çıxış edənlərdirlər. Bizim heyətimizdə də peşəkar futbolçu yox idi.
- Hazırda Belarusda idman jurnalistikası hansı vəziyyətdədir?
- Nə yaxşı, nə də pis. Bizim idman jurnalistikası orta səviyyədədir. Təəssüf ki, cəmi 2 idman qəzetimiz var. "Sportivnaya Panorama" hər gün nəşr olunur. "Pressbol" da yaxınlaradək hər gün işıq üzü görürdü. Amma artıq həftədə iki dəfə çıxırıq. Əvəzində öz saytımızı inkişaf etdiririk. Qəzetlərdən əlavə, idman saytları da var. Eləcə də ictimai-siyasi saytların və qəzetlərin idman bölmələri mövcuddur. "Belarus 5" adlı sırf idman telekanalı da fəaliyyət göstərir. Hazırda isə ABFF "Setanta" telekanalının bazasında sırf futbol telekanalı yaratmaq niyyətindədir. Bu telekanal vasitəsilə Belarus çempionatının oyunlarının yayımı nəzərdə tutulub. Hələlik bununla bağlı problemlər var, dövlətdən razılıq alınmayıb. Prinsipcə, yaxşı jurnalistlərimiz var.
- İdman saytları və qəzetlərin sponsorları var? Federasiya, klublar reklam verir?
- İnformasiya dəstəyi barədə müqavilə bağlanılır. Məsələn, bizim ABFF-lə anlaşmamız var. Buna görə də futbol oynadığımız stadionun kənarında "Pressbol"un banneri qoyulub. Klublardan reklam qarşılığında pul almırıq. Biz onların hansısa tədbirlərini işıqlandırır, onlar isə müəyyən köməklik göstərirlər.
- Hansı kömək?
- Hər halda bu, maddi kömək deyil.
- Bəs sizi səfərlərə aparırlar?
- Bəli. Hərdən çarter reysi ilə uçan təyyarədə jurnalistlərə də yer ayırırlar. Amma otel xərci bizim hesabımıza olur.
- Ölkənizdə futbol hansı səviyyədədir? Deyəsən, ölkə prezidenti Aleksandr Lukaşenko milli komandanızın çıxışlarından narazıdır...
- Bəli, o qədər də razı deyil. Hərçənd, prezidentin mövqeyi başlıca göstərici deyil. Mən də deyərdim ki, Belarusda futbol orta, hətta ortadan da aşağı səviyyədədir. Çoxlu problem var. Düzdür, bu yaxınlarda milliyə yeni baş məşqçi təyin olunub. İqor Kriuşenkonun rəhbərliyi altında vəziyyətin yaxşılaşacağına ümid var. O, kifayət qədər yaxşı mütəxəssisdir. Eyni zamanda "Torpedo-BelAZ" klubunun da baş məşqçisidir. Əvvəllər Rusiyanın "Sibir", Belarusun BATE komandalarının sükanı arxasında olub. Millidəki ilk görüşlərdə İsveç və Makedoniyaya böyük hesablarla uduzsaq da, bu yaxınlarda Konfederasiyalar Kubokuna hazırlaşan Yeni Zelandiyanı yendik. Baxaq, görək necə olacaq. Çempionat da orta səviyyədədir. Amma nəzərə almaq lazımdır ki, iki il əvvəl iki komandamız qrup mərhələsində çıxış edirdi. BATE Çempionlar Liqasında, Minsk "Dinamo"su isə ardıcıl iki il Avroliqanın qrup mərhələsində oynayıb. Görək, yenə BATE-də bu, alınacaqmı? Hazırda bu klubda müəyyən böhran var. Bu il Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmaları çətin olacaq. Az qala unutmuşdum: Brest "Dinamo"su layihəsi yaxşı səviyyədə inkişaf edir. Bu yaxınlarda ora Artyom Milevski də keçib.
- Klublarınızın büdcəsi nə qədərdir?
- Müxtəlifdir. Orta büdcə illik 800 - 900 min dollardır. BATE, Brest və Minsk "Dinamo"ları, Soliqorsk "Şaxtyor"unun büdcələri 4-5 milyon dollar arasında dəyişir. BATE Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqda dərhal 10 milyon avro qazanır və bunun hesabına da yaşayır. Bu komanda indiyədək 5 dəfə buna nail olub.