1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Klub rəhbərlərinin "sağ əl"ləri - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasını davam etdirir. İkinci yazıda vitse-prezident və icraçı direktor vəzifəsini tutan şəxslərdən bəhs edəcəyik...
Layihənin icrasına başlayan zaman klub prezidentlərinə həsr etdiyimiz ilk məqalədə bir məqama diqqət çəkmişdik - Premyer Liqa təmsilçilərində rəhbər postu tutan şəxslər fərqli statuslara malikdirlər. Eyni şeyi klub başqanlarının "sağ əli" sayılan vitse-prezidentlər və icraçı direktorlar barəsində də söyləmək olar. Yəni, burada hər kəsin əməl etməli olduğu konkret vəzifə təlimatı yoxdur. Kimin hansı səlahiyyətlərə sahib olacağına klubun strukturunu formalaşdıran şəxs və ya şəxslər qərar verir.
"Qarabağ" vitse-prezident və icraçı direktorun mükəmməl vəhdət təşkil etdiyi klublardandır. Tahir Gözəl Ağdam klubunun ikinci rəhbər şəxsi sayılsa da, prezident imici formalaşdırıb. Təsadüfi deyil ki, bəzən onu bu şəkildə də təqdim edirlər. Tahir bəy daha çox avrokubok matçlarında, ölkə çempionatında və Azərbaycan Kubokundakı önəmli görüşlərdə gözə dəyir, klubun strateji məsələləri ilə bağlı açqılamalar verir. Qısası, son sözü deyəcək səlahiyyətə malikdir. Düzdür, Ağdam təmsilçisinin prezidenti "Azersun Holding”in rəhbəri Abdulbari Gözəldir. Lakin klubun idarəçiliyinə bir o qədər də qarışmır.
"Qarabağ”ın gündəlik yaşamına cavabdeh olan şəxs isə Əmrah Çəlikəldir. O, uzun illər Azərbaycan futbolunda çalışan və müsbət imic formalaşdırmaqla yanaşı, onu qorumağı bacaran birisidir. Hər zaman mediaya açıq olan, davranışında detallara qədər fikiri verən Əmrah bəy 1976-cı ildə Ankarada doğulsa da, onu Azərbaycan türkü saymaq olar. Çünki artıq 20 ilə yaxındır ki, ölkəmizdə yaşayır. Yəni, ömrünün yarısı Odlar Yurdu ilə bağlıdır. 1998-ci ildə Ərciyəs Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsini bitirən Çəlikəlin iş həyatı yalnız Azərbaycanla bağlıdır.
Əmrah bəylə söhbət zamanı onun "Qarabağ”a gəlişinin tarixçəsi ilə maraqlandıq: "Qarabağ”da fəaliyyətə başlamağım Tahir Gözəlin tapşırığı ilə olub. Burada mənim təhsilim rol oynadı. 2003-cü ildən icraçı direktor vəzifəsindəyəm. Buna qədər idman sektorunda çalışmasam da, özüm basketbolçu olmuşam. İş həyatım yalnız Azərbaycanla bağlıdır, 1998-ci ildən buradayam. "Azersun Holding”də Satış Departamentində çalışırdım. Elə alındı ki, klubda fəaliyyətə başladım. 2003-cü ildə AFFA və klublarda baş vermiş dəyişikliklərdən sonra "Qarabağ”da fəaliyyət göstərməyimi uyğun bildilər”.
Ötən müddət ərzində böyük yol qət etdiklərini vurğulayan "Qarabağ”ın icraçı direktoru, uğur qazanmaq üçün mərhələli şəkildə, plan üzrə işlədiklərini deyir: "Klub olaraq işimiz göz qabağındadır. Mən də üzərimə düşəni etməyə çalışıram. Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirir və ya texniki heyətdən gələn tələbləri onlara çatdırıram. "Qarabağ” 2003-cü ildən bəri böyük yol qət edib. Burada yeni işə başlayanda əsas məqsəd aşağı yaş qruplarına üstünlük vermək idi, bunu da etdik. 2003-cü ildə Serpil Hamdi Tüzünü dəvət etdik. O, burada seçimlər apardı, "Qarabağ”a bir sıra futbolçular qazandırdı. Daha sonra Azərbaycan çempionatında və ölkə kubokunda uğur qazanmağı hədəflədik. Əsas komandamızda fərqli məşqçilər işlədi, müxtəlif futbolçuların xidmətindən yararlandıq. "Qarabağ”ın bugünlərə gəlməsində onların da rolu var”.
Əmrah bəy hesab edir ki, "Qarabağ”ın uğur qazanmasında dönüş nöqtəsi 2008-ci ildə Qurban Qurbanovun əsas komandaya baş məşqçi təyin edilməsidir: "Qurbanovun təyinatını dönüş nöqtəsi olaraq göstərənlərlə razıyam. 2014-cü ildən başlayaraq, ardıcıl 4 mövsümdür ki, Azərbaycan çempionu oluruq. Həmçinin onun gəlişindən sonra 4 dəfə ölkə kubokunu qazanmışıq, "qızıl dubl” etmişik. Komandamızın son 3 mövsümdə Avropa Liqasının qrup mərhələsində çıxış etməsini xüsusilə qeyd edərdim. Artıq "Qarabağ” dünyada tanınan bir brendir və hədəfimiz Çempionlar Liqasının qrupuna düşməkdir. Gördüyümüz işdən, Azərbaycan xalqını, azarkeşlərimizi sevindirməkdən məmnunuq”.
"Qarabağ”dan fərqli olaraq, "Qəbələ”də icraçı direktor yoxdur. Klub prezidentinin güvəndiyi əsas şəxs isə vitse-prezident Fariz Nəcəfovdur. O, əyalət təmsilçisi yarandığı gündən bəri klubdadır. Sabiq karateçi "qırmızı-qaralar”ın əldə etdiyi uğurlarda böyük pay sahibidir. Bəlkə də idmançı olmasının nəticəsidir ki, "Qəbələ”də İdman Klubu olaraq, təkcə futbol deyil, digər növlərin də inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan, cüdo, atıcılıq, boks, karate və taekvondonu xüsusi qeyd etmək olar.
"İnter"də də də rəhbər şəxs Müşahidə Şurasının sədri Zaur Axundov olsa da, klubun idarəçiliyi icarçı direktor Rəmiş Malıyevə həvalə olunub. 1976-cı ildə Bakı şəhərində anadan olan Malıyev 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. O, 2008-ci il iyulun 1-dən etibarən AFFA-da hüquqşünas kimi fəaliyyətə başlayıb, hazırda AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri vəzifəsində çalışır. UEFA-nın Hüquq komitəsinin üzvü və UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsidir. Malıyev, həmçinin, 17 yaşadək qadın futbolçular arasında 2012-ci ildə Azərbaycanda keçirilmiş dünya çempionatı və 17 yaşadək kişi futbolçular arasında 2016-cı ildə Bakıda təşkil olunmuş Avropa çempionatının Təşkilat Komitəsinin üzvü olub. O, yanvarda AFFA tərəfindən "İnter"ə səlahiyyətli nümayəndə təyin olunub. Hazırda isə icraçı direktor vəzifəsindədir.
Malıyevin kluba gəlişi böhran dövrünə təsadüf etsə də, AFFA-da işlədiyi müddətdə əldə etdiyi təcrübə sayəsində çətinliklərin öhdəsindən gəlməyə çalışır: "İdarəçiliklə bağlı müəyyən təcrübəm olsa da, bu, klubda ilk işimdir. Azərbaycan futbolunda belə duruma düşən klub olmayıb. Burada söhbət yalnız maddi problemlərdən getmir, beynəlxalq qadağalar və digər məsələlər də var. Bizim klublar, adətən, maddi problemlərlə üzləşib. O da ki, əvvəl işin səfasını görüblər, sonra cəfasını çəkiblər. Bu gün "İnter" AFFA-nın sayəsində yaşayır. Mənə etimad göstərdiklərinə görə də sağ olsunlar. Burada Müşahidə Şurasının sədri Zaur Axundovun rəhbərliyi altında işləyirik. Gündəlik idarəçilik mənim üzərimdədir. Zaur müəllimin dəstəyi olmasaydı, bu işlərin öhdəsindən gələ bilməzdim. "İnter" üçün rahat bir dövr deyil. Hazırda mövcud olan və olmayan klublardan heç biri bu vəziyyətdə olmayıb. Ona görə də bizim üçün çətin təcrübədir".
Azərbaycan futbolunda etimadı doğruldan kadrlardan biri kimi Malıyev indi daha çox çalışmaqla, klubu böhrandan çıxarmaq üçün əlindən gələni edir: "Hazırda saat 21:00-dır və mən hələ də işdəyəm. Fevralda kluba gələndən bəri bu rejimlə işləyirəm, şənbə-bazar demədən. Düzdür, "İnter"də əvvəl də normal idarəetmə sistemi olub. Sadəcə, indi iş çoxdur. Böhranlı dövrdə vəziyyəti düzgün idarə etmək lazımdır. Hazırda bütün idarəetmə məndədir. Məşhur şəxslərdən birinə sual vermişdilər ki, vəzifənin tamı necədir? O da demişdi ki, çox turşdur. Mənim üçün maraqlı təcrübədir. Lakin AFFA-nın, Zaur müəllimin dəstəyi olmasa, bacarmaram".
Maraqlıdır, bəs Malıyevin futbol sektoruna gəlişi necə olub? O, bunun təsadüf nəticəsində baş verdiyini söyləyir: "2008-ci ildə mənim çalışdığım şirkət AFFA-ya hüquqi xidmət göstərirdi. Səhv etmirəmsə, o vaxtadək federasiyada hüquqşunas ştatı yox idi. Şirkətin nümayəndəsi kimi AFFA-da 4-5 ay işlədikdən sonra ştata düşmək təklif olundu".
Müşahidə Şurası olmayan, prezidenti ötən ilin avqustunda istefa verən "Zirə”nin gündəlik işlərini kölgədə qalmağı uyğun bilən Natiq İsmayılov görür. Yəni, onunla Əmrah Çəlikəlin səlahiyyətləri arasında ciddi fərq var. Halbuki hər ikisi eyni vəzifəni tutur. İsmayılov zədə üzündən futbolçu karyerasını erkən bitirənlərdəndir. O, həmçinin məşqçilik kurslarına qatılaraq C kateqosiyasını alıb.
"Kəpəz”də də oxşar durumdur. Klubun Müşahidə Şurası olsa da, prezidenti və vitse-prezidenti yoxdur. Rəsmi saytda icraçı direktor postunu Cabir İbrahimovun tutduğu qeyd olunub. Lakin o, ictimaiyyət üçün tanınan sima deyil. Gəncə təmsilçisinin idarəçiliyi isə Müşahidə Şurasının üzvü, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəis Mikayıl Nərimanoğlunun əlindədir.
"Sumqayıt” klubunda isə icraçı direktor vəzifəsi olmasa da, vitse-prezident var. Lakin Vaqif Ömərov bu postu formal olaraq tutur, klubu prezident Kamran Quliyev idarə edir.
Eyni sözləri "Neftçi”yə də şamil etmək olar. Klubun idarəçiliyinə prezident Orxan Hüseynzadə cavabdehdir. Vitse-prezident Elnur Eyvazovun səlahiyyətləri geniş deyil.
Debütant "Səbail”ə gəlincə, klub təsis edilən zaman Müşahidə Şurasının sədri Rəşad Abdullayev olduğu halda, idarəçilik icraçı direktor Yusif Həsənova həvalə olunmuşdu. Lakin ötən mövsüm başa çatandan sonra hər iki şəxs postundan istefa verdi. Sədr postu hələ də vakant qalsa da, icraçı direktor vəzifəsini Ramin Həsənov icra edir.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.