1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Lisenziyalaşdırma üzrə menecerlər - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasını davam etdirir. Yeddinci məqalənin mövzusu lisenziyalaşdırma üzrə menecerlərdir.
2004-cü ildən fəaliyyət göstərən AFFA-nın Lisenziyalaşdırma qrupu ötən müddət ərzində Azərbaycanda 34 klubu lisenziyalaşdırma prosesinə cəlb edib. Müxtəlif illərdə klublara 91 UEFA lisenziyası təqdim edildiyi halda, 19 dəfə verilməyib. İndiyə qədər fərqli mövsümlərdə ümumilikdə 37 təmsilçimiz Premyer Liqa lisenziyası almağa müvəffəq olub. Əvəzində 41 klubun elitda çıxış etmək arzusu ürəyində qalıb.
Məlumat üçün bildirək ki, lisenziyalaşdırma prosesi 5 meyar üzrə aparılır: İdman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə. 2016/2017 mövsümündə Premyer Liqada çıxış edən klublardan 4-nün lisenziyalaşdırma üzrə meneceri olub. Digər 4 elita təmsilçisində bu vəzifəni müvafiq olaraq insan resursları üzrə menecer, hüquqşünas, mətbuat katibi və inzibatçı yerinə yetirib.
Lisenziyalaşdırma üzrə menecerinin vəzifələri aşağıdakilardan ibarətdir:
- Lisenziar və lisenziya iddiaçısı (klub) arasında vasitəçi vəzifəsini icra etmək;
- Lisenziyalaşdırma prosesi çərçivəsində tələb olunan sənədləri hazırlamaq və təqdim etmək;
- Lisenziar tərəfindən təşkil olunan müvafiq seminarlarda iştirak etmək;
- Lisenziar tərəfindən təqdim olunan məlumatları klub rəhbərliyinin diqqətinə çatdırmaq və s.
Klublar lisenziyalaşdırma üzrə menecer seçimində sərbəstdirlər. Lakin onların bu prosesdəki fəaliyyətini AFFA-nın Lisenziyalaşdırma qrupu tənzimləyir. Qurum həmçinin bu vəzifəni yerinə yetirən şəxslərin hazırlanmasını təmin edir. Bunun üçün mövsüm ərzində müxtəlif mövzuları əhatə edən seminarlar təşkil olunur.
Lisenziyalaşdırma qrupunun hazırladığı klubların 2017-ci il lisenziyalaşdırma üzrə hesabatında qurumun fəaliyyəti ilə daha yaxından tanış ola bilərik.
Hesabatda qeyd olunur ki
16 avqust 2016-cı ildə İsveçrənin SGS şirkəti AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı yoxlama aparıb. Yoxlamanın nəticələrinə əsasən qurumun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun hesab olunub və Lisenziyalaşdırma qrupuna 2017-2018-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququ verilib.
21 - 23 sentyabr 2016-cı ildə Lisenziyalaşdırma qrupunun əməkdaşları Maltanın Sent Culians şəhərində UEFA-nın "Klubların Lisenziyalaşdırılması və Maliyyə Feyr Pleyi” mövzusunda keçirilmiş seminarda iştirak ediblər.
13 oktyabr 2016-cı ildə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin rəhbəri Andrea Traverso Bakıya səfər edib. Andrea Traverso AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb və Azərbaycanda lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı müzakirələr aparıb.
26 oktyabr 2016-cı ildə AFFA-nın Futbol Akademiyasında Lisenziyalaşdırma qrupunun təşkilatçılığı ilə klublarda çalışan Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs keçirilib. Kursda aşağıdakı mövzular əhatə olunub:
• UEFA və AFFA barədə ümumi məlumat;
• Lisenziyalaşdırma sistemi, lisenziyalaşdırma prosesi və iştirakçıları barədə ümumi məlumat;
• Lisenziyalaşdırma üzrə qaydalarda (Buraxılış 2016) ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər;
• Lisenziyalaşdırma üzrə idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarının icmalı, praktiki məşğələlər;
Lisenziyalaşdırma qrupunun əməkdaşları ilə birgə AFFA-nın digər şöbə və departamentlərinin əməkdaşları lisenziyalaşdırma sistemi ilə əhatə olunan aşağıdakı mövzulara aid təqdimatlarla çıxış edib, klub nümayəndələri üçün ətraflı məlumat verib və sualları cavablandırıblar:
• Klubların akademiyalarında mövcud vəziyyət
• AFFA-da oyunçuların qeydiyyat qaydaları (Futbola qoşul proqramı)
• Futbolda danışılmış oyunlara qarşı mübarizə
• Futbolçulara tibbi xidmətlə bağlı minimum tələblər
• Klublar üçün Oyun qaydaları və hakimlik məsələləri ilə bağlı təşkil olunan seminarlar
• Uşaq-gənclər yarışlarının keçirilməsinə aid məsələlər
• Klublarda Azarkeşlərlə Əlaqələndirici şəxsin vəzifələri
• AFFA-nın məşqçilik üzrə təhsil sisteminin strukturu və s.
Seminarın sonunda iştirakçılar yazılı test imtahandan keçərək, kursda iştirak etdikləri ilə bağlı müvafiq təsdiqedici sənədlər əldə edib.
15 noyabr 2016-cı ildə Lisenziyalaşdırma qrupunun təşəbbüsü ilə Bulvar Oteldə "Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçirilib.
17 aprel 2017-ci ildə Lisenziyalaşdırma qrupu Premyer Liqada çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT Tool proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar keçirilib. Tədbirdə UEFA-nın Maliyyə Fair Play qaydaları müzakirə olunub və klub nümayəndələri 2016-cı maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.
26 may 2017-ci ildə AFFA-nın inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib. Lisenziyalaşdırma qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümünün yekunları ilə bağlı statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək yeniliklərlə bağlı məlumat verilib.
Tədbirin sonunda növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla, həmçinin mövsüm ərzində əzmkarlığı ilə fərqlənən klub nümayəndələri xüsusi sertifikatlarla təltif olunub:
Zöhrab Hacıyev (Neftçi ) – ən yaxşı lisenziyalaşdırma üzrə meneceri,
Mənsurə Məmmədova (Kəpəz) - ən yaxşı maliyyə meneceri.
Statistik məlumatlarla yanaşı, bəzi məqamlara Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovla söhbətdə aydınlıq gətirməyə çalışdıq...
- Klubların lisenziyalaşdırılma prosesinə cəlb edilməsi hansı zərurətdən irəli gəldi?
- 2004-cü ildən etibarən UEFA-ya üzv olan bütün assosiasiyalarda lisenziyalaşdırma prosesi mütləq şəkildə yerinə yetrilir. AFFA da həmin vaxtdan layihəyə qoşulub və Lisenziyalaşdırma qrupu fəaliyyətə başlayıb. 2007-ci ildən qurumda mütəxəssis kimi işləmişəm, 2013-cü ildən isə qrupa rəhbərlik edirəm.
- Lisenziyalaşdırma qrupunun kollektivi formalaşdırılan zaman hansı ixtisas sahibləri işə cəlb olunublar?
- Bəzi ekspertlər üçün meyarlar var. Bununla bağlı UEFA şərt qoyub. Maliyyə meyarı ilə məşğul olan şəxs bu ixtisas sahibi olmalıdır. Eyni yanaşma hüquq meyarına da aiddir. Digər meyarlar üçün elə bir tələb yoxdur. Lakin biz bəzi nüanslara fikir veririk. Məsələn, AFFA-da İnfrastruktur Departamenti var. Oradakı mütəxəssis bizdə yarımştat çalışır. Çünki iş oxşardır. Həmçinin AFFA-nın Qeydiyyat və Statistika şöbəsinin əməkdaşı bizdə idman meyarlarına cavabdehdir. Qrupda çalışmaq üçün ingilis dilini bilmək vacibdir. Məsələn, Anar Kazımlı həm kadr-inzibati meyar üzrə ekspertdir, həm də UEFA ilə əlaqələndirici şəxsdir. Təcrübə, kompüter bilikləri və s. amillər də önəmlidir.
- Klublar lisenziyalaşdırma üzrə menecer vəzifəsini kimlərə həvalə edirlər?
- Klubların lisenziyalaşdırma üzrə menecer seçərkən konkret hansı meyarları nəzərə aldıqlarını deyə bilmərəm. Çünki fərqli şəxslər təyin edilirlər. Əvvələr klub nümayəndələri ilə bağlı çətinliklər olurdu. Bəziləri tələb olunan bilik və bacarıqlara sahib deyildilər. Ekspertlər izah edirdi, insan başa düşmürdü və hər şeyi əksinə edirdi. Beləliklə, iş uzanır, problem yaranırdı. Ona görə də keçən ildən etibarən qərara gəldik ki, kurs təşkil edək və etdik də. Bir günlük kursda meyarlar üzrə müzakirələr apardıq, tövsiyələrimizi çatdırdıq. Məsələn, lisenziya meneceri əsas komandanın baş məşqçisinin hansı ixtisasa yiyələnməli olduğunu əzbər bilməlidir. Və yaxud stadionun müqaviləsi bitən zaman nə etmək lazım olduğunu bilməlidir. Yekunda sınaq imtahanı keçirdik. İlk il olduğu üçün heç kimi kəsmədik. Bu mövsümdən etibarən isə imtahan verə bilməyən menecerlərin sənədlərini qəbul etməyəcəyik. Klubun iki variantı olacaq: ya başqa şəxsi imtahana göndərəcək, ya bizdə imtahandan keçənləri işə cəlb edəcəklər.
- Mövsüm ərzində qrupun fəaliyyəti hansı müddəti əhatə edir?
- Bizim üçün mövsüm adətən texniki məsələlərdən asılı olaraq sentyabr və ya oktyabrdan başlayır. Açılış iclasında ötən mövsümü nəzərdən keçiririk və baş vermiş dəyişiklilər barədə məlumat veririk. Müvafiq sənəd və qaydaları paylayıb, menecerlərin suallarını cavablandırırıq. Oktyabr, noyabr və dekabr aylarında treniqlərimiz olur. Həmçinin, e-mail və telefon vasitəsi ilə mütəmadi əlaqədə olur, klublara baş çəkirik, yerlərdə vəziyyətlə tanış oluruq. İdman və infrastruktur meyarlarına yerində baxmaq lazımdır.
- Hazırda lisenziyalaşdırma üzrə menecerlərdən tələn olunan sənəd rəhbərlik etdiyiniz qurum tərəfindən verilən sertifkatdır?
- Bəli. Keçən il tələb qoymuşduq ki, lisenziya meneceri təşkil etdiyimiz kursda iştirak etməlidir. Əvvələr isə heç bir tələb yox idi. İndən belə nəinki kursa qatılmalı, həm də imtahan verməlidirlər. Minimal keçid balı öncədən təyin olunacaq. Keçən il keçirdiyimiz test imtahanında iştirakçıların orta müvəffəqiyyət əmsalı 66 faiz idi. Ən yüksək göstərici 92.86 faiz, ən aşağı isə 28.57 faiz oldu.
- Klublar tərəfindən təyin edilən lisenziya menecerlərinin işində daha çox hansı nöqsanlar olur?
- Bəzilərində təcrübə, bəzilərində isə futbol sahəsində bilik çatışmır. Hərdən elementar şeyləri izah etməyə məcbur oluruq. Qaydaları diqqətlə oxumurlar, yeni göndərilən təlimatlara baxmırlar. Lakin aparıcı klublarda təcrübəli menecerlər var. Çox yüksək səviyyədə işləyirlər və bizim işimizi asanlaşdırırlar.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir