Azərbaycan Premyer Liqasının IV turunun oyununda "Sumqayıt"a "Neftçi" üzərində qələbə qazandıran qolun müəllifi Amil Yunanov brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran futbolçu ilk olaraq oyun haqqında fikirlərini bölüşüb.
- İki oyun idi ki, uduzurduq. Komandamız yaxşı çıxış etsə də, məğlub olurduq. Futbolda da əsas nəticədir. Bu oyunda elə də yaxşı təsir bağışlamadığımızı demək istərdim. Ancaq əsas odur ki, qələbə qazandıq. İstəyirdik ki, azarkeşlərimizi sevindirək. Komandamız yaxşıdır və ümid edirəm ki, yaxşı yerlər üçün də oynayacağıq.
- Penaltini özün yerinə yetirmək istədin?
- Penalti təyin olunanda komanda yoldaşım Cavid Tağıyev də yanıma gəldi. O da vurmaq istədiyini söylədi, ancaq mən özüm yerinə yetirmək istədiyimi bildirdim. Çox sağ olsun ki, başa düşdü və mənə "Vursan da, vura bilməsən də rahat ol" söylədi. Bu da mənə daha çox stimul verdi. Yerinə yetirdim və qol vurdum. Penalti bizim üçün çox vacib oldu, qələbə qazandıq.
- İkinci hissədə hücumlarınız çox zəif oldu deyə, sən də gözə çarpmırdın...
- Düzdür. Birinci hissədə bütün gücümüzü ortaya qoyduq və yaxşı epizodlarımız oldu. Penaltidən əvvəl iki qol epizodum oldu ki, dəyərləndirə bilmədim. Demək olar ki, hər oyun fürsətlər olur, ancaq vura bilmirəm. Bunun üzərində çox işləyəcəyəm. Oyuna gəldikdə, birinci hissə çox yaxşı çıxış etdik. İkinci yarıda meydanı demək olar ki, rəqibə vermişdik. Bu, bəlkə də yorğunluqdan idi. Ancaq buna inanmıram, çünki komanda fiziki baxımdan çox yaxşı hazırlaşmışdı. Ola bilsin, oyunumuz alınmadı. Qarşıdakı görüşlərdə bunu aradan qaldırmağa çalışacağıq.
- Premyer Liqada bombardir olmaq məqsədin var?
- Mövsüm başlamazdan əvvəl də məqsədim elə bu idi. Bunun üçün də çox çalışıram və hədəfim də məhz budur. Hədəfim yoxdursa, nə üçün oynayıram? Hətta bu gün mən qol epizodlarından istifadə edə bilsəydim, 4-5 top da vurardım. Bundan əvvəl "Qəbələ" və "Kəpəz"lə oyunlarda da eyni hallar olub. Bunun üzərində xeyli çalışmalıyam.
- Oyunun əvvəlində çox qaçırsan və matçın gedişində səndə yorğunluq hiss olunur. Bəlkə gücünü 90 dəqiqəyə çatdıra bilmirsən?
- Xeyr. Əslində gücüm çox yaxşıdır. Sadəcə, bu həftə özümü çox yüklədim. Məşqlər zamanı əlavə olaraq, bir-iki dəfə də hazırlaşdım. Gələn qarşılaşmaya qədər bunu da aradan qaldıracağam.
- Ardıcıl iki məğlubiyyətdən sonra qələbə qazandınız. Növbəti turlarda da bunun davamını gətirə biləcəksiniz?
- Çalışacağıq ki, ardını gətirək. "Kəpəz"lə oyundan sonra bunu edə bilmədik. Həm rəqiblər yaxşı idi, həm də boşluqlar buraxırdıq. İstəyirik ki, növbəti oyunlarda qələbənin ardını gətirək və azarkeşləri sevindirək. Yeri gəlmişkən, azarkeşlərimizə də təşəkkür edirəm ki, bizi ev oyunlarında meydanda yalnız buraxmır, dəstəklərini əsirgəmirlər. Buna görə onlara böyük minnətdarlığımı bildirirəm.
- Robert Prosineçkinin oyunu stadiondan izləməsi sənə əlavə stimul verirdi?
- Açığı, onun oyunu canlı izlədiyini bilmirdim. Mən, sadəcə olaraq, oyunumu göstərirəm və "Sumqayıt" üçün çalışıram.
- İndiyə qədər bir dəfə Andorra ilə yoldaşlıq oyununda millinin heyətində çıxış etmisən. Prosineçkinin etimadını yenidən qazanmaq üçün nə etmək lazımdır?
- Həmin oyunda meydana ikinci hissədə daxil oldum. Orada da qol epizodum oldu, ancaq faydalana bilmədim. Bəlkə də o epizoddan yaxşı istifadə etsəydim, yenidən çağırardı (gülür). Çalışıb özümü sübut etməliyəm. Yəqin ki, yaxşı futbolçunu baş məşqçi qıraqda saxlamaz.
- Milli komandada hücum alternativi çoxluq təşkil edir. Bu, sənin üçün çətin olmayacaq?
- Məncə, bu, yaxşıdır. Heç vaxt arxamdakına baxmıram, əksinə, qarşımdakına baxıram və onu necə keçmək barədə düşünürəm. Əgər onlar bu dəqiqə milli komandadadırlarsa, demək ki, məndən üstün səviyyədədirlər. Ancaq mən də çalışacağam ki, yaxşı oyunumla milliyə dəvət alım və onları keçim.
- Demək olar ki, kollektivinizin əksəriyyəti "Qəbələ" klubunun, akademiyasının yetirmələridir. Çoxu tanıdığın oyunçulardır. Bu, oyununuza necə təsir edir?
- Hazırda komandada olanlardan bircə Kamal Mirzəyevlə oynamışam. Digərləri məndən aşağı yaş qruplarında çıxış ediblər. Əvvəllər əvəzedici komandada oynamışam, sonra əsasda. Çoxu məndən yaşca balaca olublar. Ancaq yenə də birlikdə çıxış etmişik və bu, daha da mehriban olmağımıza şərait yaradır. Biz hər oyuna yaxşı hazırlaşırıq. İstər "Qəbələ" olsun, istərsə də digər komandalar.
- Hər dəfə penalti təyin olunanda topu birinci özün götürürsən. Komanda yoldaşın vurmaq istəyəndə buna razı olmursan və özün yerinə yetirirsən. Bu, qollarınn sayını artırmaq istəyindən irəli gəlir? Ümumiyyətlə, baş məşqçi bu zərbələri vurmağı kimə tapşırır?
- Əslində Samir Abasov hər şeyi yazır. Penalti olduqda birinci mənim adımı qeyd edir. Daha sonra 1-2 nəfərin adını da yazır və deyir ki, kim özünə güvənirsə, vursun. İki oyundur qol vurmurdum. Penaltinin olması yerinə düşdü ki, qol vurdum. İstəyirdim ki, qol vuraraq açılışam. Cavid Tağıyev də yəqin ki, buna görə, məndən inciməz. Çünki o da israr etdi ki, vursun, ancaq özüm yerinə yetirdim.
- Qol olmasaydı bəlkə də inciyərdi...
- Yox, inciməzdi. Çünki həmin epizoddan qabaq mənə yaxınlaşaraq vursam da, vura bilməsəm də rahat olmağımı söylədi.
- Çempionatda arzulamadığın qapıçı var? Yəni, o qapıda olanda penaltini vurmağa tərəddüd edəsən? Məsələn, İbrahim Şehiç və ya Dmitri Bezotosnı...
- Heç bir qapıçıdan çəkinmirəm. Niyə çəkinməliyəm ki? Keçən il Bezotosnıya da qol vurmuşam, Aqil Məmmədova da, Səlahət Ağayevə də. Onlar da Azərbaycanın güclü qapıçılarıdır.
- Qol vurmaq istədiyin qapıçı var?
- Bəli, bu, Anar Nəzirovdu. Çalışacağam ki, çempionatın gedişində onun da qapısının torunu silkələyim (gülür).