Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
Sportnet.az-ın xəbər verir ki, həftənin son matçı Qəbələdə baş tutub. Şəhərin eyni adlı təmsilçisi ilə "Neftçi"nin duelində meydan sahibləri qalib gəliblər. "Qırmızı-qaralar" ilk yarıda rəqib qapısına iki dəfə yol tapdıqları halda, qonaqlar fasilədən sonra bu qollardan yalnız 1-nin əvəzini çıxmağı bacarıblar.
Oyunun nəticəsi komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. Bu qələbədən sonra xalını 13-ə çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. "Neftçi" isə 1 xalla 7-ci sıradadır.
Azərbaycan Premyer Liqası
VI tur
24 sentyabr (bazar)
18:00. "Qəbələ” – "Neftçi” - 2:1
Qol: Stiven Monroz, 4. Baqali Dabo, 40 - Namiq Ələsgərov, 48
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun ilk üç oyununda "Qarabağ" "Sumqayıt"ı 4:1, "Səbail" "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Zirə" - "İnter" matçında isə qalib müəyyənləşməyib - 1:1.
----------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edəcək.
5 oyundan sonra "Qəbələ" 10 xalla 3-cü, "Neftçi" isə 1 xalla 7-ci pillədə qərarlaşıb. Bu görüşün nəticəsi komandaların mövqeyinə heç bir təsir etməyəcək. Amma liderlik iddialarını davam etdirməsi üçün "qırmızı-qaralar" mütləq qələbə qazanmalıdırlar. "Ağ-qaralar" isə bu mövsüm ilk dəfə qalib olmaq və 6-cı pillədəki "Səbail"lə xal fərqini yenidən 2-yə endirmək üçün meydana çıxacaqlar.
İki komanda indiyədək 36 dəfə üz-üzə gəlib. Bunların 13-də "Qəbələ", 15-də "Neftçi" qalib olubsa, 8 görüş heç-heçə ilə yekunlaşıb. Top fərqi isə bərabərdir: 45-45. Son üç qarşılaşmada meydan sahibi tərəf qalib gəlib. "Neftçi” axırıncı 6 görüşdə cəmi 1 qələbə əldə edib.