"Hər iki komandanın oyununda razı qaldım. "Neftçi"nin oyunu da məni qane etdi. İstədiyim oyuna lap az qalıb. İnanıram ki, o da olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında VI turun "Qəbələ" - "Neftçi" oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. R.Musayev oyun başa çatdıqdan sonra "Qəbələ"nin iki futbolçusu - Stiven Jozef-Monroz və Ruslan Qurbanov arasındakı davanı görmədiyini söyləyib. O, insidentə özünəməxsus reaksiya verib: "Kişi kişini vurar da... Allah köməyi olsun, PFL-in büdcəsi artacaq. Klubun daxili işinə qarşmaq düzgün olmazdı. Bunlar komandanın daxili işləridir".
"Qarabağ”ın sentyabrın 27-də İtaliya "Roma”sı ilə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin II tur matçına da toxunan R.Musayev Azərbaycan klubunu VAZ2106-ya, rəqibi isə BMW-yə bənzədib: "Qarabağ" "Vaz2106", "Roma"da isə "BMW" motorudur. İnanıram ki, BMW "06"ya yoldaşlıq edəcək".
Sonda PFL prezidenti I Divizionda 10 komandanın iştirak edəcəyini təsdiqləyib: "12 komandanın olacağı şayiələrdir. Gəzən söz-söhbətləri külək aparır. 10 komanda olacaq. Bu, konkretdir".