"Eşitdiyimə görə, sonuncu dəfə komanda 6 ay əvvəl qələbə qazanıb". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "İnter"ə 2:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının VII tur matçından sonra deyib.
46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, qısa müddətdə müdafiədəki problemləri yoluna qoymağa çalışıblar: "Uzun marafonda uğur qazanmaq istəyirsənsə, müdafiən güclü olmalıdı. Futbolçularıma təşəkkür edirəm. Komanda rəqibə ilk dəqiqələrdən təzyiq göstərdi, onlara öz oyunlarını oynamağa imkan vermədilər”.
- Emin Mahmudovun çıxışı sizi qane etdi?
- Bütün oyunçular məni qane etdi. Emin uzun müddətdi oynamadığı üçün hələ tam uyğunlaşmayıb. Onun uyğunlaşma prosesi ləng gedir. Fasilə bu baxımdan ona kömək edəcək.
- Son dəqiqələrdə Petrovun səhvi sərbəst zərbə ilə nəticələndi. Futbolçu qaydaları bilmir?
- Əvvəlki dövr olsaydı, demək olardı. Artıq yeni qaydalar var. Hər mövsümün əvvəlində AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu dəvət edirdim ki, yeni qaydaları uşaqlara izah etsin. Yeni qaydada var ki, futbolçu topu başına qaldırıb qapıçıya ötürə bilməz. Bəlkə futbolçumuz bunu bilmir. Qısa müddətdə hakim dəvət edəcəm ki, yeni qaydaları izah etsin.
- Çingiz Abdullayev və Orxan Hüseynzadə oyunu izlədilər. Komandanı təbrik etdilər?
- Orxan müəllim və vitse-prezidentimiz gəlib, təbrik etdilər. Başqa heç kimi görmədim.