"Qarabağ"ın futbolçusu Pedro Enrike "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, braziliyalı hücumçu əvvəlcə oyunu dəyərləndirib...
- Hər bir komanda oyunlara qələbə üçün çıxır. Zəif tərəflərini bilsək də, rəqib bu gün yaxşı qapanmağı bacardı. Ona görə də istəyimizi gerçəkləşdirə bilmədik.
- 70 min azarkeşdən sonra 2000 tamaşaçı önündə oyuna köklənmək çətin olmur?
- Təbii ki, bunlar müqayisə olunmazdır. Amma insandan-insana fərq var. Məsələn, mənim üçün fərq etmir. Özüm futbola başlayanda heç kim oyunuma fikir vermirdi. Ev heyvanları, inəklərin yanında futbol oynayırdım. Bu gün az azarkeş olsa da, onlar oyunboyu dayanmadılar, sona qədər dəstək oldular. Ona görə də azarkeşlərə minnətdaram.
- Ötürmələrinizin alınmaması "Zirə"nin müdafiəçilərinin keçilməz olması, yoxsa komandanızın yorğunluğu ilə əlaqədar idi?
- Özüm ikinci hissədə yorğunluq hiss etdim. Rəqib də çox irəli çıxmaq istəmirdi, qapanmışdı. Boş zonalar olmadığından, rəqib müdafiəsini yarmaq çətin oldu. Amma komandamız əlindən gələni etdi. Hətta meydana sonradan daxil olan gənclər də özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Yəni, istədiklərin heç də həmişə alınmır.
- Azərbaycan çempionatı gözlədiyin səviyyədədir?
- Bugünkü rəqib bizə çətinlik yaratdı. Sürətli oyunçuları var idi. Digər komandalarla müqayisədə "Zirə" bizə daha çox çətinlik yaratdı. Təsadüfi deyil ki, bu komanda liderlər qrupunda qərarlaşıb.